Noyabrın 12-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə Görüşünün ən mühüm hadisəsi Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi oldu. Prezident İlham Əliyev bu mükafatla Azərbaycanın Vətən müharibəsindəki tarixi və möhtəşəm qələbəsinə və türk birliyinin daha da möhkəmləndirilməsindəki səylərinə görə təltif olundu. Dövlət başçımızın Türk Dünyasının Ali Ordeni ilə təltif olunması dövlətimizin başçısının şəxsiyyətinə göstərilən böyük ehtiramın nümunəsidir. Bu mükafat Azərbaycan Prezidentinin dünyadakı yüksək nüfuzunun təcəssümüdür. Bütün bunlar bizim üçün qürurvericidir. Çıxışında Türk Dünyasının Ali Ordeninə görə dərin təşəkkürünü bildirən Prezident İlham Əliyev bunun bütün Azərbaycan xalqına verilmiş mükafat olduğunu bildirdi. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev xilaskar liderdir. Çünki məhz İlham Əliyevin rəhbərliyi ilə Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Bu qələbə regionda yeni siyasi-iqtisadi reallıqlar və əməkdaşlıq imkanları yaratdı.
Vətən müharibəsindəki qələbə regionda yeni nəqliyyat imkanlarının yaradılması baxımından strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi effektiv nəqliyyat infrastrukturu olmaqla, xarici şirkətlərin regiona sərmayə yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracaqdır. Prezident İlham Əliyev Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqələrinin yaradılmasını hələ illər əvvəl Azərbaycanın milli marağı kimi müəyyən edib. Çünki bu dəhlizin bərpası ilk növbədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın nəqliyyat əlaqələrinin yaxşılaşdırılması baxımından vacibdir. Digər tərəfdən qeyd olunan nəqliyyat əlaqələrinin yaradılması və bərpası ilə Zəngəzur bölgəsi bütün türk dünyasını birləşdirən körpüyə çevriləcəkdir.
Əminliklə qeyd etmək lazımdır ki, Türk Şurası qarşısında duran vəzifələrin həyata keçirilməsi istiqamətində böyük uğurlar əldə edib. Türk dövlətlər birliyinin sıraları ildən ilə getdikcə genişlənir. Son illərin reallıqları da göstərir ki, təşkilat öz imkanlarından türkdilli xalqların mənafeyi naminə səmərəli istifadə etməkdədir. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi isə yeni əməkdaşlıq imkanlarının meydana çıxması baxımından təşkilatın fəaliyyətini daha da canlandıracaqdır.
Bu gün işğaldan azad edilən ərazilərdə böyük bərpa-quruculuq işləri aparılır. Həmin ərazilər tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən biri olmuşdur. İndi Qarabağın hər tərəfi böyük tikinti-quruculuq meydanına çevrilib. Prezident İlham Əliyevin tapşırığına uyğun bu ərazilərdə şəhər və qəsəbələrin, kəndlərin baş planı təsdiq edilir və sürətli tikinti işləri aparılır. Bu gün Qarabağda reallaşan möhtəşəm layihələrin bütün hamısı gözümüzün qarşısındadır. Onu da qeyd etmək lazımdır ki, Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. Həmin ərazilərdəki infrastruktur layihələrinin həyata keçirilməsində - körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanlarının inşasında Türkiyənin bir çox şirkətləri yaxından iştirak edirlər. Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak edib və hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər.
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxışı zamanı Ermənistanın Azərbaycana və Türkiyyəyə qarşı ərazi iddialarından əl çəkməyi barədə növbəti dəfə xəbərdarlıq edərək: “Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək” deyə bildirdi.
Ümumiyyətlə bildirmək istəyirəm ki, cənab İlham Əliyev böyük Zəfər gününə kimi, heç bir güzəştə getmədən Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Sonda hədəfinə çatdı, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi. Yaşasın Azərbaycan xalqı! Yaşasın Prezidentimiz!
Asif Cümşüdov,
Vətən müharibəsi iştirakçısı, “Tərəqqi” medalı təltifçisi