Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovla görüşüb.
Modern.az xəbər verir ki, Q.Paşayeva aktyoru, onun doğulduğu Ağdamın, sənət həyatı ilə bağlandığı Şuşanın azad olunması ilə nəticələnmiş 44 günlük Vətən Müharibəsinin Zəfərlə başa çatmasının birinci ildönümü və görüş gününə təsadüf edən Konstitusiya Günü münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
"Sizin Amerikada yaşayan oğlunuz Vətən Müharibəsi başlayarkən doğma torpaqlarımızın müdafiəsi üçün ölkəyə qayıtmış, döyüşlərə qatılmışdı. Siz artıq Şuşanı ziyarət etmisiz və inşallah məcburi köçkün həyatı yaşayan teatrınız da öz doğma şəhərinə qayıdıb, Şuşanın sənət həyatını canlandıracaq".
Mədəniyyət Komitəsində baş tutan görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Q.Paşayeva Əməkdar artistə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Y.Muradov görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.
Qeyd edək ki, Y. Muradov 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının direktorudur. O, vaxtilə ANS televiziyasında yayımlanan “Qulp” verilişinin aparıcı obrazlarından biri - “Aşıq Yedigar” kimi tanınıb.