“Orta məktəblərdə şagirdlərin davranışları ilə bağlı həmişə problemlər olub. Azərbaycanda 70 minə yaxın sinif komplekti var, beləliklə, gündə 350 min dərs keçirilir. Ona görə də bəzi problemlərin olması qaçılmazdır”.
Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev danışıb. O qeyd edib ki, ötən ildən məktəblərdə keyfiyyət monitorinqinin aparılmasına başlanılıb:
“Tədrisin keyfiyyəti başlıca amil olub. 10 mindən artıq valideyn və şagird arasında anonim sorğu keçirilib. Təhlil nəticəsində müəyyən olunub ki, məktəblərdə şagirdlərin davranış qaydaları təkmilləşdirilməlidir. Qaydalar yeni şərtlər və reallıqlara uyğunlaşdırılmalıdır. Yeni tədris ilinə qədər məktəblərdə şagird davranışı qaydalarını tənzimləyən yeni nümunəvi qaydalar hazırlanacaq. Bu barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək. Yeni qaydalarla məktəblərdə davranış məsələlərini idarə etmək mümkün olacaq. Məktəb rəhbərliyi mövcud qanunvericilik çərçivəsində daha üst normativ aktlara uyğun olaraq qaydalar təşkil edə bilər. Çünki məktəb rəhbərliyinin daxildə nizam-intizamı idarə etmək birinci məsuliyyətidir. Nazirlik olaraq qaydaların tənzimlənməsi ilə bağlı qaydaları yeniləyirik”.