Modern.az

Mina təmizləyənlərə ən azı min manat maaş VERİLMƏLİDİR

Mina təmizləyənlərə ən azı min manat maaş VERİLMƏLİDİR

Aktual

15 Fevral 2022, 11:23

“Beynəlxalq mütəxəssislər ilə birgə təşkil olunmuş özəl minatəmizləmə şirkətinə mina axtaranlar tələb olunur. Əməkhaqqı 750 manatdır. Müasir standartlara cavab verən, sosial infrastruktura malik baza düşərgə Cəbrayıl rayonunda yerləşir. Baza düşərgədə komfortlu yataqxana şəraiti, gündə 3 dəfə qidalanma, asudə vaxtın maraqlı keçməsi üçün klub və idman qurğuları mövcuddur.

İşə başlamazdan əvvəl müvafiq dövlət qurumu və beynəlxalq ekspertlər tərəfindən nəzəri və praktiki təlimlər təşkil edilir. Təlimləri uğurla başa vuran mina axtaranlara sertifikat təqdim edilir.

Minatəmizləmə əməliyyatında ən müasir texnoloji avadanlıqlar və NATO standartlarına uyğun fərdi mühafizə vasitələrindən istifadə olunur.

Bütün heyət ildə 2 dəfə sağlamlıq müayinəsi üçün şirkət tərəfindən qabaqcıl özəl tibb müəssisələrinə göndərişlə təmin olunur.

Ehtiyatda olan zabit, gizir, MAXE-lərə üstünlük verilir".

 

Artıq bir neçə gündür sosial şəbəkələrdə yuxarıda qeyd etdiyimiz elan müzakirə olunmaqdadır. İşğaldan azad edilmiş ərazilərdə həyati təhlükə bahasına təklif edilən iş üçün əməkhaqqı olduqca aşağı qiymətləndirilir. İnsanlara evindən, ailəsindən, həm də həyatı bahasına belə bir iş təklif edilməsi bəzi istifadəçilər tərəfindən qəzəblə qarşılanıb.

 

 

Bununla  bağlı Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov minatəmizləmə işinin çox riskli olduğunu bildirib:

 

“Nəzərə alaq ki, bu iş hər an insan həyatına son qoya bilər. Ona görə də, bu işdə çalışanlara yüksək məvacib verilməsi normaldır. Mən burada fəaliyyət göstərənlərə yüksək məvacib verilməsinin tərəfdarıyam. Belə bir deyim var ki, “minaaxtaranlar həyatlarnda  bir dəfə səhvə yol verirlər”. Mina, partlamamış sursatları təmizləyən adam faktiki olaraq həyatını riskə atır. Bu şəxslərə yüksək məvacib verilməsi normaldır. Ancaq burada fərq qoyulmalıdır. Yəni biri var, riskli işi görənlər, biri də var texniki işləri görən adamlar. Burada ayrı-ayrı məsuliyyətlər var”.

 

 

Ekspert özəl şirkətlərin minatəmizləmə işinə cəlb olunmasınada qəbahət görmür. Əksinə, düşünür ki, dövlət qurumları ilə yanaşı, özəl şirkətlərin bu sahədə çalışması işi sürətləndirir:

 

“Özəl şirkətlər var ki, mina təmizləyənlərə yüksək maaşlar verirlər. Dünya praktikasında da bu işlə məşğul olan insanlar çox yüksək məvacib alırlar. İndi işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işlərinə ANAMA, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, özəl şirkətlər, hətta xarici təşkilatlar da maraq göstərirlər. Bunun nəyi pisdir ki, işlər nə qədər sürətlə getsə,  bir o qədər yaxşıdır”.

 

“Orada nə qədər  maaş verilsə, məvacib ən azı min manatdan çox olmalıdır. Yəni bugünkü istehlak tələbi ilə ən azı min  manatdan çox məvacib olmalıdır. 750 manat o zaman verilə bilər ki, işçi, sadəcə, təmizlənmiş mərmilərin utilizasiyası ilə məşğul olsun. Ancaq elə yerlər var ki, orada tank əleyhinə minalar basdırılır. Həmin yerlərin təmizlənməsi böyük məsuliyyət tələb edir və olduqca risklidir. Bu işlə məşğul olan insanlar gələcəkdə insanların təhlükəsizliyini təmin etmək üçün çalışır. Əlbəttə, belə insanlara yüksək maaş verilməsi normal olandır” , - deyə ekspert bildirib.

 

Turqay Musayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı