Modern.az

Ukraynalı döyüşçü: “Müharibə qəfil başladı, gözləmirdik…” - ÖZƏL

Ukraynalı döyüşçü: “Müharibə qəfil başladı, gözləmirdik…” - ÖZƏL

Aktual

28 Mart 2022, 12:36

“Rusiya bizim imkanlarımızı düzgün qiymətləndirmədi”

Ukraynanın Kiyev vilayəti üzrə ərazi müdafiə briqadasının zabiti, keçmiş ictimai xadim, hazırda döyüşdə iştirak edən Dmitro Kulibaba Modern.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

 

- Artıq bir aydan artıqdır ki, Rusiya ilə müharibə aparırsınız. Müharibə haqqında nə düşünürsünüz, xalq döyüşlərdən nə gözləyir?

 

- Ukraynalılar hazırda yüksək motivasiyadadır. Bu, ilk növbədə, xalqımızı, dövlətimizi qorumağımızdan irəli gəlir. Ukraynalılar müharibə başlayan zaman ya hərbi komissarlıq, ya da yerli qurumlar vasitəsilə müxtəlif hərbi birləşmələrə könüllü qoşulublar. Bu da vətəni qorumaq borcunu yerinə yetirmək kimi xoş niyyətlə birbaşa bağlıdır.

 

Digər amil bizim üzərimizə düşən rolun dərk edilməsidir. Biz yüz ildən artıqdır ki, Rusiya imperiyası ilə vuruşuruq. İlk dəfədir ki, öz dövlətimizə və nizami ordumuza malik olmaqla düşmənlə vuruşuruq. Bu, əsaslı şəkildə fərqli bir müqavimət növüdür ki, daxildə və xaricdə xalqımızın resursundan maksimum istifadə etməyə imkan verir.

 

- Ukrayna ordusu müharibəyə hazır idimi, baş verənləri necə qiymətləndirirsiniz?

 

- Tərəflərin resursunu və müharibənin qəfil başlanması faktorunu təhlil edərək deyə bilərəm ki, hadisələr Ukrayna üçün çox uğurla inkişaf edir. Bizə kömək edən amillər var ki, müharibənin 35-cü günündə ayrı-ayrı istiqamətlərdə əks-hücum əməliyyatları aparırıq. Kiyevin mühasirəyə alınmasından xəbər yoxdur, bütün şəhərlər fədakarcasına döyüşür və hətta müvəqqəti işğal olunsalar belə, sərt ictimai müqavimət göstərirlər. İlk növbədə, bu, müharibənin əvvəlki 8 ilinin ahəngdarlığı və döyüş təcrübəsidir. Həm də xalqda əla motivasiya var. Rusiya hərbçiləri müharibənin belə olacağını gözləmirdilər.

 

- Müharibə başlamazdan əvvəl düşünülürdü ki, “Rusiya Ukraynanı iki günə işğal edəcək”, sizcə, Rusiya nələri yanlış hesablayıb?

 

- Tərəfdaşlarımız tərəfindən silahların tədarükü bizə böyük köməklik göstərir. Hava hücumu şəraitini də dəf edirik. Hərbi komandanlığımız taktiki cəhətdən düşməndən üstün hesab olunur. Rusiya tərəfdən bizim uğurumuza kömək edən odur ki, onlar imkanlarımızı lazımi səviyyədə qiymətləndirməyiblər. Onların qoşunlarının mənəvi-psixoloji durumu kifayət qədər acınacaqlıdır, ağır itkilər verirlər. Rusiyanın siyasi rəhbərliyi tərəfindən elan edilən müharibənin məqsədləri əməliyyatların gedişinə uyğun olaraq dəyişdirilir, bu da hərbçiləri ruhdan salır.

 

- Müharibənin nəticəsinə gəlincə, sizcə, savaş nə ilə nəticələnəcək?

 

- Müharibə sülhlə başa çatmalıdır. Ölkəmizin məqsədləri ərazi bütövlüyünün bərpası və düşmənin torpağımızda darmadağın edilməsi, ardınca işğalçı ölkənin resursu ilə infrastrukturun bərpa edilməsidir. Əvvəlki döyüş formatında məqsədlər realdır və əldə edilə bilər. 1200-dən çox raketdən, o cümlədən "İsgəndər" raketlərindən, ağır silahlardan istifadə edilməsinə baxmayaraq, Ukrayna qoşunları vəziyyətə tam nəzarət edir və düşmənin canlı qüvvəsini və texnikasını kütləvi şəkildə məhv edir. Ukraynada daha çox itkilər mülki insanlar arasındadır.

 

Qeyd edək ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Artıq döyüşlərin 35 günü geridə qalır. Hər iki tərəfdən ağır çoxsaylı itkilərin olduğu bildirilir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı