Modern.az

İlyas İsmayılov deputat həmkarlarını “topa tutdu”

İlyas İsmayılov deputat həmkarlarını “topa tutdu”

Aktual

9 Fevral 2013, 14:19

“Əli Hüseynlinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi  hüquqi yox, siyasi qərar qəbul etdi”

Xəbər verildiyi kimi, Azərbaycanda bizneslə məşğul olan məmurların və deputatların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə təklif olunan əlavə qəbul olunmayıb.  Daha dəqiq desək, layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu günlərdə keçirilən iclasında müzakirə edilib və geri qaytarılıb.

Xatırladaq ki, layihədə deputat və məmurların qanuna zidd olaraq bizneslə məşğul olmalarına görə cinayət məsuliyyətinə cəlb olunmalarıtəklif olunurdu.

Müzakirələr zamanı deputatlar bu təklifin əleyhinə çıxıblar. Deputat Rafael Cəbrayılov bildirib ki, istənilən vəzifəli şəxs əgər vəzifəsindən sui-istifadə etmirsə, dövlət büdcəsinə qanuni gəlir gətirirsə, onun bizneslə məşğul olması ciddi cinayət faktı törətmir: "Əgər o, vəzifəsindən sui-istifadə edirsə, bunun üçün inzibati məsuliyyət tətbiq eləmək olar və həmin şəxs törətdiyi əmələ görə vəzifəsindən uzaqlaşdırıla bilər".

Komitə sədri Ə.Hüseynli də bildirib ki, vəzifəli şəxslərin bizneslə məşğul olması barədə yaranan problemlərin aradan qaldırılması üçün uyğun yeni qanun hazırlanır və burada qeyd olunan problemin həll olunması, sərhədlərin müəyyən olunması üçün həmin qanun kifayət qədər şərait yaradacaq: "Bunun üçün Cinayət Məcəlləsinə əlavə maddə salınmasına ehtiyac yoxdur".

Bir sözlə, müzakirələrdən sonra layihə, yuxarıda da vurğuladığımız kimi, parlamentə tövsiyə olunmayıb və geri qaytarılıb.

Əslində bu gözlənilən idi. Çünki əksər məmurların və deputatların bizneslə məşğul olduğu bir ölkədə belə bir layihənin qəbulu xəyal kimi görünürdü.

Bununla belə, deputat həmkarlarının qərarı layihənin müəllifi, müxalif Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovu təəccübləndirib.

Modern.az-ın məlumatına görə, İ.İsmayılov bildirib ki, bu layihənin ortaya çıxması təbii zərurətdən doğub:

“Heç kimə sirr deyil ki, Azərbaycandakı varlı adamların əksəriyyəti biznesmenlər yox, yüksək vəzifəli dövlət məmurları, imtiyaz sahibləridir. Bu da onunla bağlıdır ki, vəzifələrindən, imtiyazlarından sui-istifadə edirlər, qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Daha dəqiq desəm, obyektlərini, firmalarını, müəssisələrini, hətta saysız-hesabsız mülklərini və maşınlarını da başqalarının adına sənədləşdirirlər. Özlərini də elə aparırlar ki, guya təmizdirlər və heç bir qanunsuz əməllə məşğul deyillər.

Təəssüf ki, bununla köklü və əsaslı mübarizə aparılmır. Aparılan zəif mübarizə isə kosmetik xarakter daşıyır. Məsələn, mən hesab edirəm və dəfələrlə də demişəm ki, deklarasiya ilə bağlı qanunun işləməsi mütləq təmin olunmalıdır. Məmurlar nə qədər gəlir əldə etdikləri və ondan dövlətə nə qədər vergi ödədikləri barədə hesabat verməlidirlər. Xərcləri barədə də həmçinin. Düzdür, ikinci ilə bağlı bizdə hələ qanun qəbul olunmayıb. Amma bunu hökmən etmək, özü də mümkün qədər tez etmək lazımdır. Yeri gəlmişkən, bir sıra ölkələrdə bu cür qanun artıq qəbul edilib və tətbiq olunur. Yəni, əhali bilməlidir ki, məmurlar qiyməti milyonlarla ölçülən bu qədər malı-mülkü hansı yolla və necə əldə edirlər. Yəqin fikir vermisiniz, Azərbaycan Prezidenti də dəfələrlə korrupsiyanı ölkəmiz üçün böyük bəla və ləkə hesab edərək hamını bununla mübarizəyə çağırıb. Bu fikri o, bu yaxınlarda Nazirlər Kabinetinin  iclasında da səsləndirdi. Hesab edirəm ki, bu çox müsbət haldır, çünki korrupsiya ilə uğurlu mübarizə ilk növbədə məhz dövlət hakimiyyətinin yuxarı pilləsində olanların istəklərindən  və əzmkarlıqlarından asılıdır. Amma bu mübarizə həm də müvafiq qanunvericilik bazasının yaradılmasını tələb edir. Yeri gəlmişkən, layihəni hazırlayarkən qonşu Gürcüstan, Rusiya və başqa ölkələrin təcrübələri öyrənilib. Korrupsiyaya qarşı ciddi mübarizə aparan elə ölkələr var ki, məmur nəinki sahibkarlıq fəaliyyəti ilə, hətta lobbiçiliklə belə məşğul ola bilməz. Yəni bu, qanunla qadağandır. Əslində belə qanunlar bizdə də var. Məsələn,“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət” adlı III fəslinin 9.3. bəndində deyilir ki, vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır:

9.3.1. xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq;

9.3.2. statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi məqsədi ilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında qanunsuz kömək etmək;

9.3.3. bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq.

Həmin Fəslin “Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyəti” adlı 10-cu maddəsinin 10.1-ci bəndində isə yazılıb ki, “Korrupsiya ilə əlaqədar i hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur”.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun “Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər “ adlı20-ci maddəsinin 20.1 bəndində də göstərilir ki, dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur:

20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa;

20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa.

Nəhayət,“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun “Sahibkarlığın subyektləri” adlı 3-cü maddəsinin 2-ci bəndində açıq-aydın yazılıb ki, Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır”. Amma reallıqda biz bunun tam əksini görürük.

Mən məhz bütün bunları nəzərə alaraq belə bir qanun layihəsi hazırladım ki, bizneslə məşğul olan deputat və məmurlar üçün cinayət məsuliyyəti nəzərdə tutulsun. Onu təxminən 2 ilədək saxladılar. Sonra da...Sonrasını artıq bilirsiniz”.

Maraqlıdır ki, imtina qərarından bir gün əvvəl Milli Məclisin adıçəkilən Komitəsinin üzvü Rafael Cəbrayılov layihə barədə müsbət danışıb, müzakirə olunacağını deyibmiş. Amma müzakirə günü durum dəyişib. Hətta Rafael Cəbrayılov özü də onun əleyhinə çıxıb. Görəsən, bu təsadüfdür, yoxsa son anda hansısa oliqarx məmur bu məsələnin qarşısını alıb?

İ.İsmayılov əlində konkret fakt olmadığı üçün bu barədə qəti fikir bildirmək istəmir: “Layihəni deputatların özlərinin geri qaytardığı, yoxsa bunun yuxarıdan gələn göstərişlə edildiyi barədə bir şey deyə bilmərəm. Amma düşünürəm ki, hər halda məsləhətləşmələr olub”.

Üstəlik hesab edir ki, Komitənin gəldiyi qərar korrupsiyanın çiçəklənməsinə kömək edən qərardır: “İstədim korrupsiyanın qarşısına bir sədd çəkək, amma nə qədər təəssüf və təəccüb doğursa da, bayaq da dediyim kimi,  proseslər əks istiqamətdə getdi”.

Layihə müəllifinin təəccübünə və təəssüfünə səbəb olan həm də odur ki,  Komitə üzvləri bu mövqelərini ortaya qoyanda deputatlardan biri, əvvəlldə də vurğuladığımız kimi, deyib ki, nə olar, qoy məmurlar da sahibkarlıq fəaliyyəti ilə məşğul olsunlar və dövlətə də vergi versinlər: “Halbuki yuxarıda da dediyim kimi, qanunlar buna icazə vermir. Üstəlik Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində birbaşa göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı “dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla)” mandatından məhrum edilir. Nə deyim, ola bilsin kimlərsə layihənin qəbul ediləcəyi təqdirdə zərbənin həm də onlarrın özlərinə dəyəcəyini düşünüblər... Məhz bunlara görə hesab edirəm ki, Komitə yanlış və korrupsiyaya töhfə verən bir mövqe tutdu. Daha konkret desək, Əli Hüseynlinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bu məsələdə əslində hüquqi yox, siyasi qərar qəbul etdi”.

Yeri gəlmişkən, layihə müəllifi Komitə sədri Əli Hüseynlinin sənədin geri qaytarılmasını belə bir layihənin qəbuluna ehtiyac olmaması və bu barədə ayrıca qanunun hazırlanması iləəsaslandırmasıyla da razı deyil: “Bilmirəm o, nəyi nəzərdə tutub, amma hazırladığım layihəyə böyük ehtiyac var. İctimai rəyi çaşdırmaq lazım deyil. Konkret layihə təqdim etmişəm ki, vəzifəli şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Başqa qanuna nə ehtiyac var? O “arqumenti” ortaya qoyanlar ən azı bir mühüm məqamı unutmamalıdırlar ki, hüquqşünasın fikri qanunun mətnindən və hüququn prinsiplərindən doğmalıdır. Bunlar isə durub orada “Məlikməmməd nağılı” danışırlar”.

Ədalət Partiyasının sədri sonda geri çəkilməyəcəyini də vurğulayıb: “Komitədə layihənin müzakirəsinə 4 nəfər qatılıb. Mənə verilən məlumata görə, qərar ciddi müzakirə aparılmadan qəbul edilib. İstənilən halda elə hesab edirəm ki, onların bu qərarı dövlət maraqlarına deyil, korrupsiyanın çiçəklənməsinə qulluq edir. Ona görə də böyük ehtimalla məsələ ilə bağlı ölkə Prezidentinə müraciət edəcəyəm”.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı