Modern.az

Türkanda mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılır

Türkanda mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılır

Aktual

22 Aprel 2022, 15:08

“Azərsu” ASC daxili imkanları hesabına Bakının Xəzər rayonunun Türkan qəsəbəsinin bir hissəsində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradır.

 

Modern.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

 

Məlumata görə, qəsəbədə 2015-ci ilə qədər mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud olmayıb. Əhali suya olan tələbatını əsasən quyu suları hesabına ödəyib və yaxud içməli suyu maşınlarla alıb. Abşeron yarımadasının içməli su təchizatında böyük payı olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və Ceyranbatan-Zirə magistral su kəmərinin istismara verilməsi bir sıra yaşayış məntəqələrində, o cümlədən Türkan qəsəbəsində mərkəzləşdirilmiş su təchizatı sistemlərinin yaradılmasına imkan verib.

 

Layihə çərçivəsində Zirə anbarından qəsəbəyə 4,2 km uzunluğunda magistral su xətti çəkilib. Türkan qəsəbəsinin bir hissəsində paylayıcı şəbəkə yaradılaraq 2000-dən artıq evə birləşmə verilib və sayğaclar quraşdırılıb. Bununla da həmin ərazilərdə yaşayan sakinlər dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunub. 2022-ci ilin aprel ayından qəsəbənin Hüsü Hacıyev, Yenikənd və Dənizkənarı küçələrində mərkəzləşdirilmiş içməli su şəbəkəsinin yaradılmasına başlanılıb.

 

Ümumilikdə, yeni layihəyə əsasən Türkan qəsəbəsində 45 km içməli su şəbəkəsinin yaradılması nəzərdə tutulub. Artıq şəbəkənin 8 kilometrlik hissəsinin tikintisi yekunlaşıb. Tikinti-quraşdırma işləri sona çatdıqdan sonra evlərə bağlantı veriləcək və sayğaclar quraşdırılacaq.

 

Hazırda “Azərsu” daxili imkanları hesabına Binəqədi, Sabunçu, Binə və Badamdar qəsəbələrində də içməli su təchizatının yaxşılaşdırılması üçün layihələr icra edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı