Modern.az

Milli Qəhrəman Şahlar Şükürovun doğum günü qeyd olunub

Milli Qəhrəman Şahlar Şükürovun doğum günü qeyd olunub

Aktual

18 May 2022, 10:46

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid mayor Milli Qəhrəman Şahlar Şükürovun doğum günü qeyd olunub.

 

Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şəhidin ailə üzvləri və  ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Deputat Aqil Məmmədov çıxış edərək qeyd edib ki, Azərbaycan 2020-ci ildə torpaqlarını 30 ilə yaxın əsarətdən qurtararaq ərazi bütövlüyünü bərpa edib. Biz kimliyimizi sübut etdik, azərbaycanlı kimi başımızı qürurla dik tuta bildik. Əldə olunan uğurların, qazanılan nailiyyətlərin memarı məhz Prezident İlham Əliyevdir. Azərbaycan müdrik siyasi xadim, mahir diplomat, qətiyyətli lideri sayəsində dünyada böyük nüfuz qazanıb. Ölkəmizin regionda və beynəlxalq aləmdə öz sözü və yeri var.

 

A.Məmmədov vurğulayıb ki, əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir.

 

Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar.

 

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şəhid Milli Qəhrəman Şahlar Şükürov haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək qeyd edib ki, Kəlbəcər-Ağdərə yolundakı qeyi-bərabər döyüş Qarabağ müharibəsinin ən unudulmaz səhnələrindən biridir. O zaman savaş təzə-təzə közərirdi. Amma düşmən onu alovlandırmaq üçün fürsət axtarırdı. 11 iyul 1990-cı ildə, Kəlbəcər-Ağdərə yolundakı Otaqqayada, qeyri-bərabər döyüşdə Şahlar Şükürov və ustad sənətkar Dədə Şəmşirin qızı Çimnaz xanım şəhidlik zirvəsinə yüksəlib.

 

Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Müstəqil və qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi altında, onun qətiyyəti, yenilməz sərkərdəlik məharəti ilə xalqımıza bəxş olunan bu möhtəşəm qələbənin sevincini hər bir soydaşımız bö­yük qürur hissi ilə yaşayır.

 

H.Misirov qeyd edib ki, cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad edilmiş doğma torpaqlarımızda abadlıq quruculuq işləri geniş vüsət alıb.

 

Əməkdar jurnalist, türkoloq alim Adil Cəmil, Qarabağ müharibəsi iştırakçılarından ehtiyyatda olan Polkovnik Balay Nəsibov, Mayıl Adilov,  ziyalı müəllim Sabir Mirzəyev və gənclər şəhid Şahlar Şükürovun keçdiyi həyat və döyüş yolundan danışıblar.

 

Qeyd ediblər ki, qəhramanlarımızın keçdiyi bu şərəfli həyat yolu hər bir gənc üçün nümunə olmalıdır. Gənclər ölkəmizin bu günü, həm də gələcəyi, sabaha olan ümididir. 44 günlük Vətən Müharibəsində biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Çünki sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular.
Şəhid Şahlar Şükürovun qardaşı, əməkdar həkim Malik Şükürov şəhidin ailə üzvləri adından çıxış edərək, dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib, ölkə Prezidenti, cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, hərbi xidmətə gedib. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışıb. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirib. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi alıb.

11 iyul 1990-cı ildə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisində ermənilərin qəfil hücumuna məruz qalan zaman qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək həlak olub.

 

Ailəli idi. İki övladı var.

 

Polis mayoru Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn olunub. Zərdab rayonunda adına məktəb və küçə var.
Uca Allah dövlətimizi qorusun! Şəhidlərimizin ruhu şad olsun! Allah Şəhidlərimizin doğmalarına səbr versin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı