Mayın 19-da Lerik şəhərində “Şuşa ili” ilə bağlı tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, Şəhid ailələrin üzvləri, rayon mədəniyyət mərkəzinin və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır.
Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasimdə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev Qarabağ, o cümlədən Şuşa şəhəri haqqında geniş məlumat verərək, Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan, hal-hazırda Prezident İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən Şuşa şəhərində aparılan quruculuq işlərindən danışıb.
Tədbirdə Şuşa haqqında mahnılar, mədəniyyət beşiyimizin yetişdirdiyi incəsənət xadimlərinin əsərlərindən ifalar səsləndirilib.