Cenevrə (BQXK) – Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) komandası bu həftə Mariupolda yerləşən “Azovstal”da döyüşmüş yüzlərlə hərbi əsiri qeydiyyata alıb.
Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyindən Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, mayın 17-si Azovstalı tərk edən yüzlərlə döyüşçünün, o cümlədən, yaralıların qeydiyyatı tərəflərin müraciəti əsasında başlanılıb:
"Proses çərşənbə və cümə axşamı da davam edib. BQXK hərbi əsirlərin saxlandıqları yerlərə aparılmasında iştirak etmir.
BQXK-nın təşkil etmiş olduğu qeydiyyat prosesinə saxlanılan şəxslərin ad, doğum tarixi və yaxın qohumları kimi şəxsi məlumatların olduğu formanın doldurulması daxildir. Bu məlumat BQXK-ya imkan verir ki, saxlanılmış şəxslərin işlərini izləsin və ailələri ilə əlaqə yaratmalarına dəstək olsun".
"1949-cu ilin Cenevrə Konvensiyaları ilə Dövlətlər tərəfindən verilmiş mandata əsasən, BQXK bütün saxlanma yerlərində olan bütün saxlanılan şəxslərə dərhal baş çəkmək imkanına sahib olmalıdır. BQXK saxlanılan şəxslərlə şahid olmadan söhbət aparmaq imkanına malik olmalıdır. Həmçinin, baş çəkmələrin müddəti və tezliyi əsassız surətdə məhdudlaşdırılmamalıdır. Şərait imkan verdiyi hallarda münaqişə tərəfləri həlak olmuş şəxslərin axtarılması və götürülməsi üçün bütün mümkün tədbirləri görməlidirlər.
BQXK münaqişə tərəfləri ilə onların beynəlxalq humanitar hüquqla bağlı öhdəlikləri barədə konfidensial dialoqu davam etdirir", - deyə rəsmi məlumatda vurğulanıb.