Modern.az

İran şəbəkəsini ermənilərlə NƏ BAĞLAYIR...

İran şəbəkəsini ermənilərlə NƏ BAĞLAYIR...

Aktual

28 İyun 2022, 13:40

Son vaxtlar İran şəbəkəsinin Azərbaycan əleyhinə fəallığı müşahidə edilir. İranpərəst qüvvələrin müxtəlif platformalar vasitəsilə təxribatçı çıxışları xüsusilə diqqət çəkir. Prosesləri diqqətlə izləyən hər kəsə bəllidir ki, din pərdəsinə bürünən radikal qrupların fəallaşması səbəbsiz deyil. Başlıca məqsəd ölkədə sabitliyi və əmin-amanlığı pozmaq, inanclı kəsim arasında ixtilaflar yaratmaqdır. 

 

Paralel olaraq Ermənistan-İran əlaqələrinin güclənməsi, qarşılıqlı səfərlər nəzərdən qaçmır. Bir tərəfdə fars aşiqləri Azərbaycanın üzərinə qaldırılır, digər yandan İran-Ermənistan "qardaşlığı" çiçəklənir. Hadisələrin oxşar məcrada davam etməsi bunun heç də təsadüf olmadığından xəbər verir. 

 

İran şəbəkəsini ermənilərlə birləşdirən məqamlar...

 

Bu barədə Modern.az-a danışan politoloq Sədrəddin Soltan bildirib ki, Ermənistan ilə İran arasında münasibətlərin yaxın olması təəccüblü deyil:

 

“Ermənistan müstəqilliyini elan etdiyi ilk gündən İran bu ölkə ilə yaxın münasibətdədir və ermənilərə yardım göstərir. İran şirkətləri vaxtilə işğal altında olan Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərib. Hətta işğal altında olan ərazilərdə evlərin dağıdılmasında, viran qoyulmasında, mədəni, dini abidələrin, başqa sosial obyektlərin, məktəblərin, xəstəxanaların dağıdılmasında iranlı iş adamlarına məxsus şirkətlərin rolu olub. Bu şirkətlərin hamısının adı mətbuatda var. Heç biri sirr deyil. Müharibə zamanı İran Ermənistana və erməni millətçiliyinə dəstək verib. O cümlədən, Rusiya hərbi texnikasının Azərbaycan ərazisindən keçərək Qarabağdakı müharibədə iştirakına şərait yaradıb. Müharibədən sonrakı bir il müddətində erməni iş adamları qanunsuz olaraq Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə fəaliyyət göstərməyə başladılar. Yəni qaçaqmalçılıqla məşğul oldular. Bütün bunlar İran hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünə, Azərbaycan xalqına, Azərbaycan əsgərinin əldə etdiyi qələbəyə, müsəlman torpaqlarının işğaldan azad olunmasına  münasibəti idi”.

 

 

Politoloqun sözlərinə görə, İranla Ermənistan arasında mədəni sahədə də əlaqələr var:

 

“Hər il Azərbaycanın Çaldıran bölgəsində, Qarakilsə ərazisində dünya ermənilərinin toplantısı olur. Toplantılarda İran rəsmiləri iştirak edirlər. Eləcə də, saxta soyqırımı günü ilə əlaqədar Tehranda, İsfəhanda və İranın başqa bir sıra şəhərlərində İran rəsmilərinin iştirakı ilə tədbirlər təşkil olunur. İranın Azərbaycanın haqq işinə münasibəti Nikol Paşinyanın Baş nazir seçildiyi bir vaxtda Tehrandakı Ararat idman klubunda "Qarabağ Ermənistandır" şüarının səslənməsindən bir daha bəlli oldu. Əksinə İran buna yerində etiraz edib, Ermənistanın başqa ölkənin ərazisinə iddia etməsinə icazə verməməli idi. Ancaq İran bu addımı da atmadı”.

 

Politoloq vurğulayıb ki, erməni millətçiliyinin bir nömrəli düşməni türk olduğu kimi, İran mərkəzli fars düşüncəsinin əsas hədəfi də türklərdir:

 

“90-cı illərin ortaları, yaxud 2000-ci illərin əvvəllərində farsşünas alimlərin İrəvanda birgə konfransı keçirilib. Həmin konfransda İran alimləri bildiriblər ki, ermənilərlə farslar qohumdur. Onları yalnız din ayırır. Məhz buna görə də, İran hakimiyyətinin Azərbaycana münasibəti Ermənistandan fərqli ola bilməz. Azərbaycana və Türkiyəyə münasibətdə İran və Ermənistanın siyasətini ayırmaq mümkün deyil. Məsələn, bu yaxınlarda İran Türkiyədə İsrail vətəndaşlarının “ovlanması” əməliyyatını həyata keçirdi. Bununla Türkiyəyə ziyan vururdu. Türkiyənin ərazi bütövlüyünü, təhlükəsizliyini təhdid edirdi.

 

Eyni zamanda müharibə vaxtı İran rəsmiləri guya Azərbaycan tərəfindən terrorçuların döyüşdüyünü deyirdi. Bu Ermənistanla İranın eyni təxribat kampaniyası aparmasına nümunə deyilmi? İranın Azərbaycana münasibəti heç vaxt birmənalı olmayıb. Sadəcə olaraq, bəzən maraqlar üst-üstə düşüb bu zaman həmin maraqlar ya təmin edlib, ya da yox. Ancaq Ermənistan Rusiyanın protektorluğunda olduğu üçün İranın Ermənistana münasibəti birmənalı olub. Çünki Rusiya ilə İran müttəfiqdir”.

 

Həmçinin oxuyun:

Azərbaycanı hədəf alan İran şəbəkəsinin ifşası – Lider erməni imiş... 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?