Şri-Lanka prezidenti Qotabaya Rajapaksa şənbə günü istefasını tələb etmək üçün toplaşan etirazçılar binaya basqın edərkən paytaxt Kolombodakı rəsmi iqamətgahından qaçıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Kolomboda ölkədə görünməmiş iqtisadi böhranın yaratdığı iğtişaşların son təzahürü olan nümayişə böyük izdiham toplaşıb.
Məlumatlara görə, etirazçılar prezidentin iqamətgahına daxil olublar.
“Prezident təhlükəsiz yerə aparılıb”, - deyən mənbə əlavə edib ki, qəzəbli kütlənin prezident sarayını ələ keçirməsinin qarşısını almaq üçün qoşunlar havaya atəş açıb.
Şri-Lanka ərzaq və yanacaq çatışmazlığından, elektrik enerjisinin uzun müddət kəsilməsindən və həyati əhəmiyyətli malların idxalı üçün valyuta tükəndikdən sonra sürətlə artan inflyasiyadan əziyyət çəkir.
Müxalifət partiyaları, hüquq müdafiəçiləri və vəkillər kollegiyasının polis rəisini məhkəməyə verməklə hədələməsindən sonra polis cümə günü verilən komendant saatını ləğv edib.
Rəsmilərin dediyinə görə, minlərlə anti-hökumət nümayişçi evdə qalmaq əmrini pozub.