Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı Vladimir Zelenski ilə Zaporojye Atom Elektrik Stansiyası ətrafındakı vəziyyəti müzakirə edəcək.
Modern.az xəbər verir ki, məlumatı BFMTV Yelisey sarayına istinadən yayıb.
Fransa lideri ilə Zelenski arasında telefon danışığının çərşənbə axşamı gün ərzində baş tutacağı bildirilir.
Bazar ertəsi Rusiya Müdafiə Nazirliyi Kiyevin Zaporojye AES ərazisində genişmiqyaslı təxribatlar hazırladığını, bunun üçün Ukrayna komandanlığının minə qədər radiasiya, kimyəvi və bioloji müdafiə qoşunu cəlb etdiyini açıqlayıb.
Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Stansiyada altı enerji bloku quraşdırılıb. AES mart ayından Rusiya hərbçiləri tərəfindən qorunur. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq nöqteyi-nəzərindən Rusiya hərbçilərinin elektrik stansiyasını mühafizə etməsinə haqq qazandırdığını vurğulayıb.