Hacıqabul şəhərində anadan olmuş, Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Mehtiyev Sətdar Raqif oğlunun xatirəsi onun doğum günündə məzarı önündə anılıb.
Xatirə tədbirində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak edib.
Şəhidlər Xiyabanında Şəhidlərin məzarları ziyarət olunub, məzarları üzərinə tər qərənfillər düzülüb. Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıb. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov Şəhidin valideynlərinə başsağlığı verib, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açıb. Bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışıb. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçının diqqətində olduğu vurğulanıb.
Mehtiyev Sətdar Raqif oğlu 17.10.2020-ci ildə Tərtər uğrunda gedən döyüşlərdə şəhid olub. Göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə” , “İgidliyə görə” , “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Sonda Şəhidlərin ruhuna dualar oxunub.