Modern.az

“Qış planı” işə düşüb - Putin Avropada xaos yaradır 

“Qış planı” işə düşüb - Putin Avropada xaos yaradır 

Aktual

6 Sentyabr 2022, 13:58

Rusiya qış mövsümündə Avropa ölkələrinə qarşı həlledici enerji zərbəsi hazırlayır. Belə bir iddia ilə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib. Onun sözlərinə görə, Rusiya vura bilmədiyi yerdə yoxsulluq və xaos yaratmaq istəyir.

 

"Rusiya Avropaya enerji təzyiqini daha da artırmağa çalışır, "Şimal axını" ilə qaz axını tamamilə dayanıb. Onlar niyə belə edirlər? Rusiya qitəmizin bütün ölkələrində hər bir avropalının həyatını məhv etmək, zəiflətmək istəyir və bütün Avropanı, hər ölkəni qorxudur. Rusiya güc və silahdan istifadə edə bilmədiyi yerdə onu enerji silahına çevirir. Hələ raketlərlə vura bilmədiyi yerdə yoxsulluq və siyasi xaosla zərbə endirməyə çalışır”, - deyə Zelenski Avropa ölkələrinə xəbərdarlıq edib.

 

Rusiyanın "Qış planı" nəyə hesablanıb? Nəticəsi necə olacaq?

 

Bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Rusiya həm Avropa iqtisadiyyatını pis vəziyyətə qoymaq, həm də avropalıları Rusiyaya qarşı sanksiyaların əleyhinə qaldırmaq istəyir. 

 

“Çexiyanın paytaxtı Praqada sakinlər mitinq keçirərək tələbə ediblər ki, hökumət anti-Rusiya sanksiyasından imtina etsin. Digər Avropa ölkələrində də anti-Rusiya sanksiyalarına etiraz əhval-ruhiyyəsinin artdığı görünür. Artıq bir çox ölkələrdə qış mövsümündə evlərin necə qızdırılması barədə ciddi müzakirələr aparılır. Hətta sakinlərə qənaət rejimində yaşamaq tövsiyə olunur. Avropanın Qışda problemlə üzləşməsi gözləniləndir. Avropa ölkələrini idarə edənlər bununla bağlı daha da ciddi addımlar ata bilər. Problemlərin yaranması insanların narazılığına gətirib çıxaracaq. Ona görə də, Rusiya hazırda Avropa sakinlərinin öz hökumətlərinə qarşı təzyiq göstərməsini istəyir. Məqsəd sanksiyaların təsirlərinin yumşalmasına nail olmaqdır. Düzdür, artıq bəzi Avropa ölkələrində izdihamlı mitinqlər baş verir. Bu baxımdan, qışda biz Rusiyanın siyasətinin nəticələrini daha qabarıq görə biləcəyik”.

 

 

Buna baxmayaraq, İ.Vəlizadə Avropa ölkələrinin sanksiyalarla bağlı qəti addımlar atacağını düşünmədiyini bildirib:

 

“Ancaq bütün hallarda anti-Rusiya sanksiyalarının artımına bu siyasət təsir göstərə bilər. Avropa ölkələrinin rəhbərlərinin öz siyasi ritorikalarına uyğun olaraq müəyyən yumşalmalara gedəcəyi istisna deyil. Burada söhbət həm də seçicilərin narazılığından gedir. Əgər seçicilərin çoxu hökumətlərindən narazı olsa, əlbəttə, onlar seçicilərin düşüncəsi ilə hərəkət etməyə məcbur olacaqlar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?