“Lap tezliklə yeni xidmət yerinə yola düşürəm”.
Modern.az xəbər verir ki, bunu Prezidentin sərəncamı ilə mayın 4-də Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmiş Vilayət Quliyev deyib.
O bildirib ki, təyinat ölkəsinə yola düşməzdən öncə Şuşa şəhərinə səfər edib:
“Dedim dünyanın işini bilmək olmaz, gedim Şuşa ilə vidalaşım. Şuşanın sonsuza qədər Azərbaycanın ayrılmaz parçası olacağına, hələlik müvəqqəti əlimiz çatmayan digər kənd və şəhərlərimizdə də tezliklə bayrağımızın dalğalanacağına bütün varlığımla inanıram!. Bu arada Ordumuzla qürur duyuram! Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralıların qısa bir zamanda sağalıb işlərinin başına dönmələrini arzulayıram!
Qalib ölkənin vətəndaşı olmaq böyük səadətdir!”.
Diplomat, tərcüməçi, ədəbiyyatşünas və tənqidçi Vilayət Quliyev 1952-ci il noyabrın 5-də Ağcabədi rayonunun Ağcabədi qəsəbəsində fəhlə ailəsində anadan olub. Beyləqan rayonundakı Şahsevən orta məktəbini bitirdikdən sonra ADU-nun Fılologiya fakültəsində təhsil alıb. (1970-1975).
Üç il orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, daha sonra Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olub.
Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1981-1985), böyük elmi işçi (1985-1987), elmi işlər üzrə müdir müavini, aparıcı elmi işçi (1987-1994) vəzifələrində çalışıb.
Vilayət Quliyev 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri olub. 2004-2010-cu illərdə Azərbaycanın Polşadakı səfiri işləyib.
2010-cu ildən 23 iyul 2021-ci ilədək Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub.
4 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.