Modern.az

Axarını təmiz bulaqdan götürmüş büllur su niyə bulandı?

Axarını təmiz bulaqdan götürmüş büllur su niyə bulandı?

Aktual

5 Oktyabr 2022, 12:54

Son vaxtlar bu soru məni dinc buraxmır, madam  Sevinc  Osmanqızı!Uzun götür-qoydan, çək-çevirdən sonra bu sorunu sizə əski həmkar təkin yox, elinin, yurdunun təəssübünü çəkən yurddaş kimi, vətənpərvər qələm sahibi mərhum Osman Mirzəyevin cismani qızı kimi yazıram.

 

O Osman Mirzəyev ki, Ötən əsrin 70-80-ci illərində indiki Azərbaycan nəşriyyatında çalışan gənc jurnalistlərlə 4-cü qatdakı çayxanada milli məsələlər və gələcəyimiz barədə tez-tez söhbətləşərdi. Zira, Sovet dönəmində tək baş redaktor müavini idi ki, belə edirdi. O, zamanlar milli yazarlara qarşı öz aralarında həmrəylik edən rus, erməni, yəhudu jurnalistlərlə baş redaktoru İvanovla dör-dör döyüşürdü, baxmayaraq ki, ölkədə 2-ci rəsmi rusdilli “Vışka” qəzetində çalışırdı. O, əski əlifbanı, ərəb dilini öyrənmək istəyirdi, bu işdə ona kömək edirdim.

 

1991-ci ildə ölkədə xəbərlərini üç dildə yayımlayan “AssA-İradə” Beynəlxalq İnformasiya Agentliyini yaratdıqdan sonra bir gün mənə dedi ki, onun yolunu davam etdirəcək kiçik qızı universiteti bitiribdir, istəyirəm hələlik sizdə işləsin. Biz sizinlə beləcə tanış olduq, Madam Sevinc. Siz savadlı, ingilscə danışan məsum, vətənpərvər qız idiniz.

 

Yadımdadır, ABŞ-dan gəlmiş, Qarabağdan yazmaqla məşhurlaşmış Tomas Qoldsa, digər Qərb jurnalistlərinə Azərbaycan gerçəkliklərini anlatmağa cəhd edirdiniz. Biz bir yerdə az işləsək də, Siz ABŞ səfirliyində, BP-də çalışarkən də əlaqə saxlayırdıq. Atanızın Qarabağda ermənilər tərəfindən öldürülməsindən bir sürə sonra ikinci zərbə aldınız, birinci, ailəniz dağıldı... Amma yenə də ayaq üstə dura bildiniz... Bir müddət sonra sizi itirdik, səsiniz ölkə dışından gəlirdi. Azərbaycan mətbuatında qurucusu olduğum ilk ingilisdilli “Azernews” qəzeti ilə maraqlanırdınız... O dönəmlərdə defisit sayıla biləcək belə jurnalistin ölkədən getməsinə, onu saxlaya bilməməyimizə görə çox təəssüfləndim. İş, ailə-məişət qayğıları, məsul vəzifələr etibar edilmiş, hər şeyi öz əllərində cəmləyən bir sıra acgöz məmurların adamları ilə mübarizə başımızı çox qatırdı, ancaq öz işimlə məşğul olurdum və bir də baxdım ki, ölkə dışında yaradılmış Osmanqızı TV kanalını idarə edirsiniz.

 

Doğrusu, Qərbdə kimlərinsə maliyyə dəstəyi ilə yaradılmış, ölkədən incik düşmüş yurddaşlarımızın başına toplaşdığı bu qəbildən olan TV kanallara tək-tük hallarda baxıram. Çünki, bu kanallarda gerçəkliklərdən çox yanlışlıqlar, qərəzli, qeyri-obyektiv yanaşmalar, dövlətimizin əleyhinə dedirdilən fikirlər məni sinirləndirir. Sizin kanalda əvvəl baxdığım verilişləri unutmuşam. Amma son günlərdə sərhəddə baş vermiş 8 saatlıq insident haqqındakı verilişdə səsləndirilən, məni ilgiləndirən  qeyri-peşəkar, qeyri-obyektiv yanaşmalar haqqında danışmaq istəyirəm. Daha doğrusu, ekrana dəvət etdiyiniz adamlardan yox, sizin dilinizdən çıxan, bir neçə kərə təkrarlanan fikirlərə münasibətimi bildirmək istəyirəm. Zira Azərbaycan əskərlərinin strateji önəm daşıyan, mövqelərimizə atəşlər yağdırılan yüksəklikləri, ümumilikdə 10 kilometr ərazini tutmasına qarşı çıxmağınız, “bu on kilometrin, bir neçə təpənin tutulması Azərbaycanı Rusiyatək işğalçı dövlət kimi tanınmasından, bu qədər qurbanlardan başqa nə verəcək” təki sözləriniz məni də yerimdən oynatdı.

 

İlk baxışdan adi izləyiciyə elə gələ bilər ki, aparıcı hərbi işləri bilmir, bu yüksəkliklərin mahiyyətini dəyərləndirə bilmir. Amma sizin ağlınıza, erudisiyanıza bələd olanlar anlayırlar ki, bütün bunlar bilərəkdən, kimlərinsə diktəsi ilə deyilir. Bəyəm Sevinc Osmanqızı bilmir ki, hay-ermənilər 200 ildir torpaqlarımızı təpə-təpə, dərə-dərə, kənd-kənd, addım-addım, qarış-qarış alıblar?! Yadımdadır, Sovet dönəmində ezamiyyətə getdiyim Ordubaddan Bakıya qayıtmalıydım, qatara SV biletim vardı. Amma ermənilərin 20-ci illərdə tutduqları 40 kilometrlik Zəngəzur torpaqlarını görmək istəyirdim. Bu yolla getməyin təhlükəli olduğunu xatırlatsalar da, inadımdan dönmədim, yük maşınının kabinəsində yola düşdük. Ordubad ərazisindən çıxanda yolun sol tərəfində quru təpəlikdə “Ermənistan” yazılmış lövhəni göstərən sürücü “şərəfsizlər gör bunu hara gətiriblər” deyə donquldandı. Mən sürücüyə “Maşını saxla, geriyə sür, - dedim, - Sən də bunu sürütlə əvvəlki yerinə qoy”.

 

O dəmir lövhəni haylar yerə basdırmırdılar ki, ara-sıra Ordubad torpaqlarına sarı sürüşdürmək asan olsun, adamların gözü öyrəşsin...

 

Baxdığım həmin verilişinizdə üzərində dayanmaq istədiyim digər nöqtə sərhəd döyüşlərindən dərhal sonra ermənilərin bütün dünyaya bu insident haqqında xəbər yayması, Azərbaycan rəhbərlərininsə “yatması” haqqında yorumunuzdur.

 

Hətta “təəssüflə” Azərbaycan rəhbərliyini qınayırsınız. Ancaq gerçəklik budur ki, insident haqqında informasiyanın Ermənistan tərəfindən yayılması  törətdikləri bu təxribatın tərkib hissəsidir. Ermənistan rəhbərliyi hərbi hücumla bərabər informasiya hücumunun da qrafikini öncədən hazırlamış, hələ insident durdurulmamış yayıma başlamışlar...

 

Madam, ara-sıra gileylənirsiniz ki, izləyicilər sizi ermənipərəst mövqe tutmaqda suçlayırlar. Mənim fikrimcə, bu, sizə xəbərdarlıqdır... Atalar demişlər, el gözü tərəzidir. Demək istəyirlər ki, çörəyi qulağımıza yemirik, kor-kor, gör-gördür ki, ermənilərin mövqeyindən çıxış edirsən.

 

Yenə yazımın əvvəlinə qayıdıram: bu büllur su harda, nədən, kimlər tərəfindən bulandırıldı? Bəlkə Vətəndə umacağınız vardı, sizi dəyərləndirmədilər, məmurlar sizi küsdürdülər?! Oxşar duyğuları içi mən qarışıq bir çoxları yaşamışdır və yaşayır. Amma bu yurdsevər qələm sahiblərinə əsas vermir ki, Vətəninin, dövlətinin əleyhinə işləsin.

 

Mən bu cümlələrin “gəlişi gözəl söz” olmadığını göstərmək üçün bir neçə fakta işarə etmək istəyirəm... 1991-ci ildən bu yana daxildəki bir sıra siyasət və iş adamları, xaricdə müəyyən qüvvələr  onlara qulluq edəcək çevrə qurmaq məqsədilə mənə də qarmaq atırdılar. Ermənilərsə yazdıqlarımızı oxuyaraq, etirazlarını bildirməklə yanaşı sətiraltı hədə-qorxu da gəlirdilər. Onlardan Michael Abrahamyan adlı birisi [email protected] ünvanından bizim [email protected] ünvanlı saytımıza yazırdı: I do NOT like the anti-armenian tone of your newspaper. The Armenian genocide is a well-known fact. What are you guy afraid of? The truth? No doubt some armenians did awful things to turks, but it was in self-defence.

 

Amerikadan Armen Hareyan və Nick adlı digərləri Hickory, NC, USA ünvanından Naxçıvanla, Qarabağla bağlı buna oxşar cəfəngiyatlar yazırdılar.

 

Siz tez-tez Prezident İlham Əliyevin adını çəkirsiniz, yerli-yersiz onu suçlayırsınız, ondan yanıqlı olmağınız açıqca duyulur, lap 44 günlük müharibədə darmadağın edilmiş ermənilər kimi. Bu da sizi gözdən salır. İlham Əliyev 44 günlük müharibə ilə özünü bütün Azərbaycanlıların siyasi lideri, Azərbaycan Respublikası Ordusunun Ali Baş Komandanı kimi sübut etdi. Bütün dünya onu da görür, Ermənistanın keçmiş Prezidenti Sarkisyanı və indiki başçısı Paşinyanı da görür, dəyərləndirir. Siz özünüzü Azərbaycan vətəndaşı sayırsınızsa, indiki qarışıq dönəmdə bizim həm mənəvi, həm fiziki baxımdan yüksək səviyyəli, erudisiyalı Prezidentimizin olmasından qürur duymalısınız.

 

Mən 1968-ci ildə Əlcəzair Universitetində tələbə ikən ölkədə hərbi çevrilişə cəhd zamanı polkovnik Huari Bumədyənin, 1973-cü ildə Suriyada hərbi dilmanc olduğum Ərəb-İsrail müharibəsində general Hafiz Əsədin, 1986-cı ildə çalışdığım Liviyada həmişə döşünə döyən polkovnik Muammar Qaddafinin ABŞ-ın hava hücumu zamanı, bir sözlə, hər üç dövlət başçısının qorxu keçirdiləri duyulan həyəcanlı çıxışlarının şahidi olmuşam... Onların heç biri 44 günlük Vətən Müharibəsində sona qədər təmkinini pozmayan Prezident İlham Əliyevlə müqayisə oluna bilməz.

 

Əlbəttə, daxildə həllini gözləyən bir sıra ciddi çatışmazlıqlar vardır. Bunun suçu tək ölkə başçısında deyil, bolşevizmin, sovetizmin milli ənənələrdən çöndərib korladığı adamlarımızda, cəmiyyətimizdədir. Azərbaycan dövlətçiliyini tikilən möhtəşəm sarayla tutuşdursaq, görərik ki, tikinti materialımız tam sağlam deyil...

 

Elə düşünməyin ki, məni barındırdıqları üçün belə danışıram. Xeyr, adi əmək pensiyası ilə keçinirəm. Elədiyim xidmətlər qarşılığında heç bir mükafat almasam da, Qarabağın qaytarılmasını özüm üçün ən böyük mükafat sanıram.

 

Sevinc, kəndinə qayıt, buraxdığın yanlışları düzəlt, ziyanın yarısından da qayıtmaq xeyirlidir, tövbə qapısı həmişə açıqdır. Hayların al qana boyadığı minlərlə şəhidlərimizdən olan atanızın ruhu dincələr, sizi bağışlayar...

 

Fazil Güney (Abbasov)

İslam Əməkdaşlıq Təşkilatına üzv

Dövlətlərin Jurnalistlər Assosiasiyasının sədri,

Əməkdar jurnalist

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı