Ermənistan Baş naziri Nikol Paşinyan iki-üç gündür ki, Azərbaycana qarşı sərt ritorika ilə çıxış edir. Paşinyan yenə də sərsəmləyərək, heç utanmadan Azərbaycanı üçtərəfli bəyanatın müddəalarını həyata keçirməməkdə ittiham edir. Deyəsən, yenə kimlərsə, Paşinyanı ürəkləndirib.
Paşinyanın sərt ritorikasının arxasında nə gizlənir?
Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov son həftələrin müşahidələrinə əsasən bildirib ki, bəzi ölkələr Qarabağda danışıqların tərəfdarıdır:
"Bu danışıqlarda məqsəd isə əlbəttə ki, status məsələsinin müzakirəsidir. Digər bir məqsəd isə sülhməramlıların missiya müddətinin uzadılması ilə bağlıdır. Bu missiyaya daha başqa beynəlxalq qurumları da cəlb etmək istəyirlər. Avropa İttifaqının müşahidəçilərinin Xankəndidə fəaliyyətə başlamasını umurlar. Bütün bu istəklər Ermənistanın ürəyindən xəbər verir. Azərbaycan Prezidenti isə iki gün öncə Şuşada çıxış edərkən bunların hamısını rədd etdi. Ermənistan öz istəklərinə nail ola bilmədiyinə görə, bu bəyanatlarla Rusiyanın və Fransanın Azərbaycana qarşı fəallaşmasına nail olmaq istəyir".

Onun sözlərinə görə, Paşinyanın bəyanatları həm də daxii auditoriyaya yönəlib:
"Müxalifət Ermənistan hökumətini Qarabağ münaqişəsini yaddan çıxardığına görə ittiham edir. Belə aqressiv bəyanatlarla Paşinyan daxili auditoriyaya göstərməyə çalışır ki, yox, Qarabağ məsələsi yaddan çıxmayıb. Ermənistan hökuməti Qarabağı müdafiə edir".
T.Zülfüqarov vurğulayıb ki, Prezident İlham Əliyevin tutarlı cavabından sonra ermənilərin təxribatlara cəhd etməsi istisna deyil:
"Ermənilər həm siyasi, həm də hərbi təxribatlara əl ata bilər. Bundan öncə təxribat təmas xəttində baş verirdi. Çünki Avropadan missiyanın bura gəlməsini istəyirdilər. İndi isə dırnaqarası sülhməramlıların nəzarətində olan Qarabağ ərazilərini özləri üçün hədəf seçiblər. Orada təxribatlar törədəcəklər".