Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə qısqanclıqla yanaşan qonşu İran özünü illərin düşməni kimi aparır. Elə buna görə də son günlər Azərbaycan-İran münasibətləri daha da gərginləşib. Müsəlman dövləti olan İran Azərbaycana qarşı düşmən mövqeyindən əl çəkməyən Ermənistana himayədarlığını Paşinyanla əl sıxmasında açıq-aşkar bəyan edir. Beləliklə, Ermənistanı gizli-gizli silahlandırmaqla kifayətlənməyib, bütün sferalarda rəsmi Bakının əleyhinə hədyanlar yağdıran molla rejiminin məqsəd və məramı gün işığına çıxır.
Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Tehran hökuməti Azərbaycanı qısqanmağa başlayıb.

Politoloqun sözlərinə görə, 200 ildir İran və Rusiya Cənubi Qafqazda gedən konfiqurasiyada fəal rol oynayıb:
"Əlbəttə, Vətən müharibəsi regionda geosiyasi vəziyyəti dəyişdi. Artıq bölgədə Azərbaycan və Türkiyə aktiv rol oynamağa başlayıb. Tehrandakı hökumət məhz buna qibtə edir. Azərbaycanı qısqanan İran, həm də Qafqazdakı maraqlarını itirməkdən qorxur. Ancaq vəziyyət onlar fikirləşən kimi deyil. Əksinə, Azərbaycan müxtəlif layihələrdə İrana iştirak üçün təkliflər edir. Bu təkliflər bu gün də qüvvədədir".
O qeyd edib ki, Azərbaycanın bütün müsbət addımlarına baxmayaraq, İran 30 il ərzində, hətta 2020-ci il Vətən müharibəsində də şiə fəallardan Bakıya qarşı təzyiq vasitəsi kimi istifadə edib:

"Azərbaycanda öz maraqlarını həyata keçirmək üçün müxtəlif qruplardan istifadə etməyə çalışıb. Ancaq nə dini, nə də etnik qruplar İranın bu fitvasına uymayıb".
Politoloq vurğulayıb ki, İran indiki durumda geri çəkilməlidir:
"İran Ermənistan ordusu vasitəsilə Azərbaycana təsir etməyə çalışmamalıdır. Əks halda, Azərbaycan İran daxilində Tehran hökumətinə qarşı mübarizə aparma imkanı əldə edəcək. Bəli, biz 30 il ərzində susurduq. Heç zaman 40 milyon azərbaycanlı məsələsini qabartmadıq, onların daxili işinə qarışmadıq, maraqlarına zərər vuracaq nəsə etmədik. İndiki halda İran hökuməti geri çəkilməli olduğunu anlamalıdır. İran bilməlidir ki, Azərbaycanda narkotik vasitələr yaymaq, müxtəlif şiə qruplarına və mollarına təsir və təzyiq, bundan başqa müxtəlif etnik qrupları ayağa qaldırmaq, nəhayət Azərbaycanın dövlət adını şübhə altına almağa çalışmaq "qırmızı xətt"i keçmək deməkdir. Azərbaycanın "qırmızı xətt"ni keçmək isə yenə deyirəm, İran üçün yaxşı nəticələnməyəcək".