Modern.az

Uşaqlarda şəkərli diabetin əsas ƏLAMƏTLƏRİ

Uşaqlarda şəkərli diabetin əsas ƏLAMƏTLƏRİ

Aktual

14 Noyabr 2022, 11:20

Uşaqlarda şəkərli diabet xəstəliyinin əlamətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva bildirib ki, xəstəliyin mövcud olan hər iki tipinin əlamətləri eyni ola bilər.

 

Həkim deyib ki, ağızda quruluq, susuzluq, tez-tez sidiyə getmə, ümumi zəiflik, yorğunluq əsas əlamətlərdəndir:

 

“ Tip 1 şəkərli diabet zamanı əlavə olaraq arıqlama, aclıq hissi, əsəbilik, yuxusuzluq ola bilər. Tip 2 şəkərli diabet zamanı əlavə kökəlmə, piylənmə, gün ərzində bir neçə dəfə səbəbsiz güclü aclıq hissi ola bilər. Tip 1 şəkərli diabet diaqnozu gec qoyulanda (həkimə müraciət gecikəndə) xəstələrdə ketoasidotik vəziyyət və ketoasidotik koma yarana bilər. Ketoasidotik vəziyyət zamanı bütün deyilən şikayətlər kəskinləşir və əlavə olaraq ürəkbulanma, qusma, qarın nahiyəsində kəskin ağrılar, nəfəsdən aseton iyi gəlir, ağır formalarda huşun itməsi olur. Müalicə gecikdiyi halda tip 2 şəkərli diabetdən əziyyət çəkənlərdə piylənmə dərəcəsi arta bilər”.

 

Nazirlik rəsmisinin sözlərinə görə, şəkərli diabetdən əziyyət çəkən uşaqlara tez həll olunan karbohidratları (şəkər tozu tərkibli məhsullar) qida rasionundan çıxarmaları tövsiyə olunur:

 

“Eyni zamanda, gec həll olunan karbohidratların, yağların və zülalların nisbəti gün ərzində düzgün tənzimlənməlidir. Meyvə payını sutkada bir neçə yerə bölməli və onları əsasən yeməkdən sonra qəbul etməlidirlər”.

 

“Şəkərli diabetdən əziyyət çəkən uşaqlar demək olar ki, bütün idman növləri ilə məşğul ola bilərlər. Əlbəttə, uşağın ümumi fiziki vəziyyətindən çox şey asılıdır. Yeni diaqnoz qoyulmuş şəkərli diabet və xəstəliyin heç bir ağırlaşması olmayan uşaqlar ümumi qayda ilə idmanla məşğul ola bilərlər. 1-ci tip şəkərli diabeti olan uşaqlar insulin müalicəsində olduqlarına görə mütləq təlimləndirilməlidirlər ki, məşqlərdən əvvəl insulin dozalarını azaltmaq və yaxud idmana getməmişdən əvvəl qidalanmalıdırlar. Fiziki yüklənmə zamanı qanda şəkərlər tez düşür və bu onlarda hipoqlikemik vəziyyət yarada bilər. Həmin vəziyyət tip 2 şəkərli diabet pasiyentlərində də yarana bilər. Ona görə idman dərsindən əvvəl qida qəbulu olmalıdır. Əlavə olaraq özləri ilə mütləq kiçik porsiya qida aparmalıdırlar, məşqdən sonra qəbul etmə zəruriyyəti yarana bilər.


Tip 1 və tip 2 şəkərli diabetin ağırlaşmalarının (diabetik retinopatiya, diabetik nefropatiya, diabetik neyropatiya, diabetik pəncə və s) 2-ci, 3-cü mərhələləri zamanı artıq idmanla məşğul olmaq xüsusi qruplarda icazə verilir. Elə mərhələlər ola bilər ki, idmanla məşğul olmaq qadağan edilir. Bütün bunlara baxmayaraq, müəyyən dövrlərdə və xəstələrin individual olaraq vəziyyətlərindən asılı olaraq idmanla məşğul olmaq icazə verilir. Tip 1 şəkərli diabet xəstələri arasında Olimpiya oyunlarının qalibləri da var”, - deyə həkim bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?