Modern.az

Netanyahu Azərbaycanla əlaqələrə xüsusi önəm verir

Netanyahu Azərbaycanla əlaqələrə xüsusi önəm verir

Aktual

22 Noyabr 2022, 10:52

İsraildə keçirilən parlament seçkilərində keçmiş baş nazir Binyamin Netanyahunun lideri olduğu "Likud" partiyasının qələbə qazanması və onun yenidən hakimiyyətə qayıdışı Azərbaycanda da müsbət qiymətləndirilir.

 

Netanyahunun iqtidarda olduğu dönəmdə İsrail-Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf edib, münasibətlərdə bir çox müsbət məqamlar qeydə alınıb. Bu mənada onun növbəti dəfə rəhbərliyə gəlişi, eləcə də həmin ərəfədə Azərbaycanın İsraildə səfirlik açması münasibətlərdə yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

 

Bəs, bundan sonra Azərbaycan-İsrail münasibətlərində nələrin şahidi olacağıq?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Netanyahu olduqca mühüm fiqurdur və o, Azərbaycanla münasəbətlərə hər zaman xüsusi önəm verib:

 

“Netanyahunun bir siyasətçi kimi əhəmiyyəti böyükdür. Ancaq bu da bir faktdıır ki, İsrail parlamentli respublikadır. Yəni bundan əvvəlki hökumətdə Netanyahu Baş nazir olmasa da, onun partiyası çoxluq təşkil etdiyi üçün əvvəlki hökumətlə koalisya içərisində olub. Bu dönəmdə də, İsrail-Azərbaycan münasibətləri yaxşı olub. Bu da onu göstərir ki, tək Netanyahu yox, həm də onun partiyasındakı üzvlər Azərbaycanla əlaqələrin yaxşı olmasının tərəfdarıdır. Əlaqələrdə geosiyasət faktoru olduqca vacibdir. Azərbaycan-İsrail əlaqələri məhz geosiyasi əhəmiyyət daşıyır. Ona görə də, Netanyahunun bundan sonrakı hakimiyyəti dönəmində də iki ölkə arasında münasibətlər yaxşı olacaq. Əlaqələrimiz bundan sonra da güclənəcək”.

 

Politoloqun fikrincə, rəsmi Bakının səfirlik açmaq qərarı İsrail-Azərbaycan münasibətlərində yeni səhifə oldu:

 

“İsraildə səfirliyin açılması çoxdan planlaşdırılırdı. Sadəcə olaraq məqam indi yetişdi. Yəni burada Netanyahunun birbaşa rolu yoxdur. Amerika Yahudi Konqresi və İsrailin ayrı-ayrı siyasətçiləri də bu addımı yüksək qiymətləndirib.

 

Onu da xatırlatmaq lazımdır ki, dünyada ən güclü 3 diaspordan biri yəhudi xalqına məxsusdur. Onlarla əlaqə bizim Qərb ölkələri ilə də əlaqələrimizin güclənməsinə kömək edəcək. Azərbaycanın Amerika ilə münasibətlərində yəhudi faktoru böyük rol oynayır”.

 

Zaur Məmmədov vurğulayıb ki, Təl-əvivdə səfirliyin indi yaradılmasının əsas səbəbi bəzi qonşu ölkələrdir:

 

“Bəzi qonşu ölkələr öz hərəkətlərilə bizi ciddi və qəti addım atmağa məcbur edib. Bu səbəbdən Azərbaycan İsraillə bağlı ciddi və qəti addım atdı. Həmin dairələr bundan əvvəl, 2020-ci ildə öz münasibətləri ilə bizi Türkiyə ilə bağlı qəti addım atmağa məcbur etmişdi. Əslində, onlar özlərinə ziyan vururlar. 2021-ci ildə də xarici siyasətlə bağlı qəti addımlar atmağa gətirib çıxardı. Həmin dairələr yenə də, yanlış addımlarını davam etdirsələr, Azərbaycan qəti addımlar atmalı olacaq. Bunu həmin dairələr yaxşı başa düşməlidirlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?