“Milli Məclisin sabiq sədri Rəsul Quliyev və keçmiş səhiyyə naziri Əli İnsanovun ölkə rəhbərliyinə müraciətləri, sərgilədikləri siyasi mövqeyi konstruktiv addım kimi qiymətləndirirəm”.
Bunu Modern.az-a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Rəsul Quliyev və Əli İnsanovun siyasi mövqeyinə münasibət bildirərkən deyib:
“Mən hər iki siyasətçinin tutduğu bu mövqeyi yüksək qiymətləndirirəm. Müharibə dövründə ölkədəki bütün siyasi qüvvələr Prezidentin ətrafında birləşərək qələbəyə töhfə verdi. Bu gün sülhyaratma prosesi ağır gedir. Mən deyərdim ki, müharibəni və sülhyaratma prosesini tam başa çatdıra bilməmişik. Bizi hələ qarşıda müəyyən sınaqlar gözləyir. Ona görə də, ölkədə sabitliyə və həmrəyliyə böyük ehtiyac var. Məhz buna görə də, həm Rəsul Quliyev, həm də Əli İnsanov bu cür düzgün yol tuturlar. Onlar da Prezidentin ətrafına toplaşırlar. Mənim qənaətimcə, Rəsul Quliyev və Əli İnsanovun milli həmrəyliyə töhfə verəcək addımları alqışlanmalıdır".
Sabiq dövlət müşaviri hesab edir ki, Əli İnsanovdan sonra Rəsul Quliyevin Prezidentə təbrik məktubu ünvanlaması müsbət addımdır:
“Rəsul Quliyev artıq iki ildir ki, konstruktiv mövqe tutur. Onun fəxri üzvü olduğu Gələcək Azərbaycan Partiyası da belə mövqedən çıxış edir. Əli İnsanov da müharibə dövründə siyasi konstruktivlik göstərib. Onun konstruktiv münasibəti son günlər qətiləşməyə başlayıb. Buna səbəb yenidənqurma və sülhyaratma prosesidir. Həm də insanlar başa düşürlər ki, yalnız bu cür vətənə xidmət edə bilərlər".
Qabil Hüseynli Əli İnsanovun sədri olduğu Haqq və Ədalət Partiyasının hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşmə ehtimalından da söz açıb:
“HƏP-in Yeni Azərbaycan Partiyasına birləşməsində eyib yoxdur. Ancaq belə bir prosesin gedəcəyini zənn etmirəm. Partiya qurulub və onun öz dəst-xətti var. İndiki vaxtda HƏP-in YAP-a birləşməsi real görsənmir. Lakin birləşmək istəsə də, mən heç bir problem görmürəm”.
Qeyd edək ki, vaxtilə radikal mövqe sərgiləyən parlamentin sabiq spikeri, uzun illərdir Amerikada yaşayan Rəsul Quliyev və məhbəs həyatından sonra aktiv siyasətə qatılan Əli İnsanov Prezident İlham Əliyevə məktub yazaraq, onun yürütdüyü siyasəti dəstəklədiklərini bəyan ediblər.