Kreml sahibi Vladimir Putinin təlimatıyla onun mətbuat katibi Dmitri Peskov patronunun diliylə “Rusiya İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilməsinə kömək etməyə hazırdır” təklifini səsləndirib.
Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Peskovun Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi ilə bağlı təklifini şərh edərkən deyib.
Onun fikrincə, Putinin məqsədi vasitəçilikdə Brüsseli qabaqlamaqdır.
"İl ərzində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə 4 görüş keçirilib, 5-ci görüş noyabrda nəzərdə tutulmuşdu, olmadı, dekabra təxirə salındı. Ancaq Paşinyanın “görüşdə Fransa prezidenti Emmanuel Makron da iştirak etsin” tələbi Brüssel görüşünü sual altına qoydu.
Bundan istifadə edən Kreml təşəbbüsü ələ almağa çalışır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya dəvət edilməsinin səbəblərindən biri də bu idi. Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında Azərbaycan və Ermənistan liderlərinin ilin sonuna qədər görüşə biləcəyini istisna etmədiyini söylədi, ancaq məkan göstərmədi. Lavrovun Bayramovla görüşünün ardından Kreml məkan yerini göstərdi: “Görüş Rusiyada keçirilsin”. Rusiya ərazisindəki görüş və müzakirələr heç vaxt Azərbaycanın xeyrinə olmayıb", - deyə E.Şahinoğlu son prosesləri şərh edib.
Ötən gün medianın suallarını cavablandıran Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilməsinə kömək etməyə hazırdır.
Onu da bildirək ki, Belçikanın paytaxtı Brüsseldə keçirilməsi planlaşdırılan görüş Ermənistan tərəfinin Fransa prezidenti Emmanuel Makronun da iştirakında təkid etməsindən sonra baş tutmamışdı. Bundan sonra Ermənistan parlamentinin sədri Alen Semonyan görüş üçün məkan barədə təkcə Brüssellə məhdudlaşmadığını bildirmişdi.