Modern.az

Moskvada Heydər Əliyevin xatirəsi anıldı

Moskvada Heydər Əliyevin xatirəsi anıldı

Aktual

11 Dekabr 2022, 00:49

Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.

 

Modern.az ​​​​​xəbər verir ki, Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təşkil olunan tədbirdə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Federasiyasının Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri, Liberal-Demokratik partiyasının sədri Leonid Slutski, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Rusiya Federasiyasının xarici işlər nazirliyinin rəsmiləri, Rusiya Federasiyasındakı diplomatik korpusun, Rusiya ictimaiyyətinin nümayəndələri, Heydər Əliyev Fondunun nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları, diaspor təşkilatlarının üzvləri və Moskvada Heydər Əliyevlə birgə işləmiş sabiq silahdaşları iştirak ediblər.

 

Səfirliyin foyesində ümummilli liderin həyatından bəhs edən fotosərgi təşkil olunub, kitablar nümayiş etdirilib.

 

Tədbiri giriş sözü ilə açan Səfir Polad Bülbüloğlu qeyd etib ki, Heydər Əliyev hələ sovet dövründə respublikaya rəhbərlik etməyə başlayandan sonra öz prinsipiallığı, səriştəsi və dərin biliyi sayəsində qısa müddət ərzində Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikaları sıralarına çıxarıb.

 

Azərbaycanın Səfiri Heydər Əliyevin keçdiyi zəngin həyat yolundan, ümummilli liderin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi 30-dan çox nazirliyə rəhbərlik etməsindən, ölkə üçün necə böyük işlər gördüyü barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Xüsusilə vurğulayıb ki, Baykal-Amur magistral xəttinin tikintisi məhz Heydər Əliyev tərəfindən nəzarətə götürüldükdən sonra geniş vüsət alıb.

 

“Heydər Əliyev “Admiral Naximov” gəmisinin çoxlu sayda insanın ölümü ilə nəticələnmiş qəzasının səbəblərini araşdıran komissiyanın rəhbəri olarkən faciəyə məruz qalmış hər bir ailənin üzvünü şəxsən qəbul etmiş, onların problemlərin həllinə xüsusi diqqət yetirmişdir”, - deyə diplomat vurğulayıb.

 

Polad Bülbüloğlu qonaqların diqqətinə çatdırıb ki, ümummilli lider 1993-cü ildə Azərbaycan xalqının dəvəti ilə Naxçıvandan Bakıya qayıdaraq vətəndaş müharibəsi, tamamilə dağılmaq ərəfəsində olan müstəqil Azərbaycana rəhbərlik etməyə başlayıb: "Bu çətin vəziyyətdə o, böyük nüfuzu, bacarığı və təcrübəsi sayəsində çox qısa müddətdə respublikada stabilliyi bərpa edə bilmiş və ölkə beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur.

 

Heydər Əliyev memarlıq təhsili alsa da, memar olmamışdır. O, sözün daha geniş və müqəddəs mənasında memar - doğma Azərbaycanın memarı oldu. Bugünkü Azərbaycan ümummilli liderin əsəridir. Həm də o mənada ki, bu gün respublikaya uğurla rəhbərlik edən belə bir oğul böyütmüşdür”, deyə P. Bülbüloğlu əlavə edib.

 

Səfir xüsusilə bildirib ki, Prezident İlham Əliyev Azərbaycan torpaqlarını işğaldan azad edərək, Azərbaycana Qarabağı, Vətənimizin mirvarisi olan Şuşa şəhərini qaytararaq, Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının arzusunu reallaşdırmış, bununla da öz adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etmişdir.

 

Çıxışının davamında Polad Bülbüloğlu Zərifə xanım Əliyeva ilə bağlı xoş xatirələrini bölüşmüş və vurğulamışdır ki, Heydər və Zərifə Əliyevlər ailəsində formalaşan Prezident İlham Əliyev bu gün mövcud olan kifayət qədər çətin vəziyyətdə Azərbaycana inamla rəhbərlik edir. "O, bütün dünyada təcavüzün hökm sürdüyü, beynəlxalq normalara məhəl qoyulmadığı bir vaxtda vətənimiz üçün doğru olan yeganə yolu tapır.

Bu gün ümummilli liderin ruhu şaddır, belə ki Azərbaycan 44 günlük Vətən müharibəsində unikal qələbə qazanmışdır. Bu qələbə öz ölkəsinin azadlığı uğrunda canından keçmiş Azərbaycan övladlarının xidmətidir. Allah onlara rəhmət eləsin!”.

 

Polad Bülbüloğlu Ulu Öndərin rəhbərliyi altında mədəniyyət naziri işlədiyi illəri yada salıb. Heydər Əliyevin mədəniyyəti, onun bütün incəliklərini çox yaxşı bildiyini, onunla işləməyin asan olmadığını vurğulayaraq, ümummilli liderin mədəniyyət nümayəndələrinə həmişə xüsusi diqqətlə yanaşdığını söyləyib. Onunla 10 il işləməyin böyük məktəb, dünyanın heç bir universitetində verilməyən diplom olduğunu vurğulayıb:

“Heydər Əliyevin xatirəsi kitablarda, rəsmlərdə, filmlərdə, onu tanıyan hər bir insanın qəlbində əbədi yaşayacaqdır”.

 

Tədbir çərçivəsində Azərbaycanın Xalq Yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədi sevgi" kitabının təqdimatı keçirilib. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin Humanitar Proqramlar şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova çıxışında sözügedən kitabdan sitatlar gətirərək qonaqlara nəşrin müəllifi və onun yaradılma tarixi barədə ətraflı məlumat verib.

 

Həmçinin qonaqlara ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

 

Daha sonra qonaqlar ehsan süfrəsinə dəvət olunublar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?