Modern.az

Jurnalist adı altında gizlənən İran CASUSLARI

Jurnalist adı altında gizlənən İran CASUSLARI

Aktual

31 Yanvar 2023, 17:26

Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Daxili İşlər Nazirliyi (DİN) tərəfindən əməliyyat keçirilən məkanlar arasında SalamNews informasiya agentliyi və “İnteraz” da var.

 

DİN əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.

 

Əməliyyat barədə rəsmi açıqlama verilməsə də, saxlanılan şəxslərin casus fəaliyyətinin araşdırıldığı deyilir.

 

Bakı Dövlət Universitetinin professoru, tanınmış telejurnalist Qulu Məhərrəmli Modern.az-a bildirib ki, Azərbaycanda İranın casus şəbəkəsinə işləyən jurnalistlərin olması təəccüblü deyil:

 

“Hansısa xarici ölkə casus şəbəkəsi yaradanda ən zəif və çevik həlqə kimi mediadan, bu sahədə çalışan bəzi jurnalistlərdən istifadə edir. Əslində casus şəbəkəsinin ifşası üçün xüsusi əməliyyat aparmağa ehtiyac yoxdur. Sosial şəbəkələrdə, mətbuatda öz ölkəsinin maraqlarını bir kənara qoyub, İranın maraqlarını, İran səfirliyinin fikirlərini tirajlayan, İrana təəssübkeşlik edən xeyli sayda insan var. Hesab edirəm ki, mediada İran, Türkiyə, Rusiya mövzusu işıqlandırılmalıdır, ancaq bu zaman qərəzsiz və obyektiv yanaşma vacibdir.

 

Təəssüf ki, adını jurnalist qoyan bəzi şəxslər İranın təəssübkeşi rolunda çıxış edir. Hətta cəmiyyətdə fərqli düşünən adamları ittiham edirlər. Media tərəfsiz, qərəzsiz olmalıdır deyirik. Bu heç də yalnız media və hakimiyyət münasibətlərini əhatə etmir. Bu, həm də xarici ölkələrlə bağlıdır. Jurnalist heç kəsin yanında olmamalıdır, hansısa xarici ökənin tərəfdarı kimi çıxış etməməli, yalnız həqiqətə, gerçəkliyə xidmət etməlidir. Yoxsa bəzi jurnalistlər Rusiyanın, İranın lobbiçiliyini edirlər. Belə əməl yaramaz. Ona görə də hesab edirəm ki, DİN-nin əməliyyatı normal qiymətləndirilməlidir”.

 

Q.Məhərrəmlinin fikrincə, casus şəbəkəsinin üzvləri dini yox, əsasən maddi maraqları güdürlər:

 

“Mən deməzdim ki, bu insanlar din aşiqidirlər. Çünki İranın islam anlayışı həqiqi islamla uzlaşmır. İrandakı siyasal islamdır. İran islamdan öz siyasi maraqları naminə istifadə edir. İran bu baxımdan dünyada yeganə dövlət kimi qiymətləndirilə bilər. Onun Ermənistanla münasibətləri, Azərbaycanda baş verənlərə isterik yanaşması buna sübutdur. Mən hesab edirəm ki, o adamların bir çoxunun fəaliyyətinin əsasında maddi maraqlar dayanır”.

 

Professor qeyd edib ki, burada media savadlılığının önəmi bir daha ön plana çıxır: “Elə jurnalistlər də var ki, onlar situasiyanı fərqli düşünürlər, onlara verilən tapşırıqların icrası ilə məşğuldurlar. Yəni bu tip jurnalistlər media savadlılığı baxımdan kasad olduğu üçün özləri də bilmədən İranın casus şəbəkəsinə xidmət edirlər”.  

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?