Modern.az

Türkiyəyə yardım göndərənlərin komissiya haqqı geri qaytarılacaq

Türkiyəyə yardım göndərənlərin komissiya haqqı geri qaytarılacaq

Aktual

7 Fevral 2023, 17:38

Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən zərərçəkmiş şəxslərə yardım məqsədilə Azərbaycandan göndərilən vəsaitlərə görə komissiya haqqının tutulması narazılıq yaradıb. Bəzi vətəndaşlarımız yerli banklar vasitəsilə Türkiyəyə göndərilən 1000 manatlıq yardıma görə 100-dən çox komissiya haqqı verdiklərini bildirib. Onların sözlərinə görə, yalnız "Ziraat Bank Azərbaycan" yardım köçürmələrini komissiyasız icra edir, digər banklar isə əməliyyatları ödənişsiz həyata keçirməkdən boyun qaçırırlar.

 

Sosial şəbəkələrdə yer alan şikayətlərlə bağlı Modern.az-a danışan Azərbaycan Banklar Assosasiyasının (ABA) sədri Zakir Nuriyev bildirib ki, bu növ ödənişlərə görə komissiya haqqının alınması nəzərdə tutulmayıb. O vurğulayıb ki, yerli banklar tərəfindən tutulan vəsaitlər geri qaytarılacaq:

 

“Yardım məqsədilə edilən transferlərdən əlavə dəyər vergisi, yaxud başqa tutulmalar edilmir. Mövcud qanunvericilikdə belə bir şey nəzərdə tutulmayıb. Buna görə də, banklar bu cür transferlər zamanı hansısa ödəniş tutmamalıdır. Əgər bu günə qədər hansısa transferdən komissiya haqqı tutulubsa, vətəndaşların həmin banklara müraciət etməsini xahiş edirik. Nə qədər məbləğ tutulubsa, tam şəkildə geri qaytarılacaq. Ümid edirik ki, belə hal yoxdur və gələcəkdə də olmayacaq. Yenə deyirəm ki, texniki səbəbdən bu cür problem yaranıbsa, birmənalı şəkildə aradan qaldırılacaq”.

 

 

Z.Nuriyev bildirib ki, bu prosesdə vətəndaşlara kömək ediləcək: “Vətəndaşlarımız tərəfindən başladılan yardımların operativ və keyfiyyətli həyata keçirilməsi üçün biz də öz üzərimizə düşənləri edəcəyik. İnanırıq ki, qardaş Türkiyə xalqı ilə birlikdə bu ağır fəlakəti geridə qoyacağıq. Bundan sonra da dəstək və köməyimizi göstərəcəyik”.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3549 nəfər həyatını itirib, 22 168 nəfər isə yaralanıb.

Bu xəbər ilə bağlı
Türkiyəyə yardım göndərənlərdən komissiya haqqı tutulmayacaq
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?