Türkiyədə zəlzələdən çərərçəkən vətəndaşlara dəstək üçün keçirilən yardım kampaniyasında uşaqlar da iştirak edir. Uşaqlardan bəziləri oyuncaqlarını, bəziləri geyimlərini və valideynlərinin məktəb xərcliyi üçün onlara verdiyi pulu zəlzələ bölgəsinə göndərib. Azyaşlıların yazdığı məktublar xüsusilə diqqət çəkib.
Modern.az yaşları az olsa da, ürəyi böyük olan azyaşlıların təsirli qeydlərini təqdim edir:
Bursada yaşayan Fatma Sena adlı bir qız ən sevimli oyuncağını ianə edib.
"Sizə ən sevdiyim oyuncağımı göndərirəm. Her şey düzələcək. Kədərlənməyin!”,- Fatma oyuncağın üzərində yazıb.

Yağmur, Diyar, Dilara ve Emir adlı bacı-qardaşlar da yardıma qoşulublar. Onların yazdığı məktubda deyilir: "Salam mənim adım Yağmurdur. Sizi çox sevirəm. Böyük qardaşlarım Diyar, Emir və bacım Dilara ilə birlikdə sizə yardım göndərmək istədik. Allah köməyiniz olsun, həmişə yanınızdayıq. Yaxşı ki, varsınız. Əminəm ki, bu pis günlər də keçəcək”.

Yardım kampaniyasınaa qoşulan Cansu Akdağ adlı azyaşlı qızın Kahramanmaraşda zəlzələdən sağ çıxan həmyaşıdına göndərdiyi təsirli məktubu:
"Artıq sənin bacınam. Tək deyilsən. Hər zaman yanındayam. Nə zaman özünü pis hiss etsən, mənə zəng vur, yaxud yanıma gəl. İndi sənə oyuncaqlarımı, eyni zamanda ehtiyaclarını aradan qaldırmaq üçün pul göndərirəm. Səni çox sevirəm".

Ədirnə şəhərində yaşayan Kaan və İdil adlı uşaqlar da oyuncaqlarını zəlzələ bölgəsindəki azyaşlılar üçün göndərib:
“Canım qardaş və bacılarım, inşallah, göndərdiyimiz oyuncaqlara görə sevinərsiniz. Sizi sevirik, ürəyimiz sizinlədir”.
İzmir şəhərində yaşayan 7 yaşlı Çağan Karacan isə paltosunu, çətirini və qış ayaqqabılarını zəlzələdən əziyyət çəkən uşaqlara göndərib.
Onun həmyaşıdı Eylül Gargil isə valideynlərinin verdiyi xərclik puluna aldığı qol saatını yardım üçün ayırıb.
Bundan başqa, Kütahya şəhərində yaşayan 9 və 7 yaşlı Nazmiye Azra Özalp və Şaziye Bulem Özalp adlı bacılar plastik butulkada yığdıqları pulları, Samsun şəhərində yaşayan 6 yaşlı Zeynəb isə oyuncağını göndərib.
İstanbuldan yardıma qoşulan 4 yaşlı Simayla məktəbli Azra da kassada yığdıqları pulları zəlzələdən əziyyət çəkən uşaqlara bağışlayıblar.