Modern.az

Qanımızla, malımızla Türkiyənin yanındayıq - Güneydən qardaş ölkəyə dəstək

Qanımızla, malımızla Türkiyənin yanındayıq - Güneydən qardaş ölkəyə dəstək

Aktual

11 Fevral 2023, 09:58

Türkiyədə baş vermiş dəhşətli zəlzələ Güneydə yaşayan azərbaycanlıları da yasa qərq edib. Minlərlə insanın ölümü və yaralanmasına səbəb olan təbii fəlakətdən kədərlənən soydaşlarımız qardaş ölkənin dərdinə şərikdirlər.

 

Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili Modern.az-a bildirib ki, güneylilər bütün çətinliklərə baxmayaraq, Türkiyəyə yardım göstərməyə çalışırlar:

 

“Məlum olduğu kimi, yanvarda Güney Azərbaycanın Xoy şəhərində zəlzələ oldu. Zəlzələ nəticəsində insanlarımız çətin vəziyyətə düşüblər. Hətta aldığımız məlumatlara görə, bəzi insanlar evlərini yarı qiymətinə, hətta ondan da aşağı qiymətə satmağa məcbur qalıb. Bununla belə güneyli soydaşlarımız Türkiyədəki hadisələri yaxından izləyirlər. Təşkilatlanıb yardım yollamaq istəyirlər. Xaricdə yaşayan onlarla, yüzlərlə yoldaşlarımız artıq yardım kampaniyalarına qoşulublar. Türkiyəyə yardım etmək borcumuzdur. Malımızla, qanımızla Türkiyənin yanındayıq”.

 

 

Onun sözlərinə görə, İran Güney Azərbaycanda yaşayan soydaşlarımızın yardım toplamasına əngəllər törədir:

 

“İran rejimi insanların bir araya gəlib təşkilatlanmasına mane olur. Bunu İranın milli təhlükəsizlik problemi kimi qələmə verirlər. İnsanları təhdid edirlər. Dostlarımızdan aldığımız məlumata görə, güneydə də Türkiyədəki kimi yas ab-havası var. Ümumilikdə, bütün güneylilər Türkiyənin yanındadır. Bu, sona qədər belə olacaq. "Traktor" komandasının oyununda minlərlə insan şüarlar səsləndirib, Türkiyəyə başsağlığı mesajlarını çatdırdılar. Yüzlərlə insan “biz necə kömək edə bilərik” ,- deyə müraciət edib”.

 

Siyasi şərhçi Kərim Əsğəri də Modern.az-a deyib ki, Türkiyədə baş verən zələzələ bütün türk dünyasını, xüsusilə də, Azərbaycan türklərini kədərləndirib. Digər soydaşlarımız kimi, Güneydə yaşayan azərbaycanlılar da bu çətin günlərində qardaş Türkiyənin yanındadır.

 

 

“Quzey Azərbaycanın göstərdiyi yardımlar media vasitəsilə çatdırılır. Ancaq məlumdur ki, İran Təbrizdə Bakıdakı kimi yardımların toplanmasına icazə vermir. İran hakimiyyəti Bakı-Təbriz-Ankara şüarının, türk birliyininin qarşısını almağa çalışır. Ancaq güneylilər də quzeylilər kimi zəlzələnin ilk dəqiqələrindən Türkiyənin yanında olub. Cənubi azərbaycanlılar məhdud şəraitdə əllərindən gələn yardımı etməyə çalışır. Təbrizdə "Traktor" komandasının oyunu oldu. Orada minlərlə insan bir ağızdan “ Azərbaycan var olsun, Türkiyə başın sağ olsun”,-deyə şüarlar səsləndirdilər. İstər İranda yaşayan, istərsə də xaricdə yaşayan güneylilər olsun, hamı yardım aksiyalarına qoşulur. Türkiyədə müəyyən dərnəklər və digər vasitələrlə yardımlar edilir. Qardaşlarımızın yanında olmaq, onların dərdinə şərik çıxmaq bizim borcumuzdur”, - deyə güneyli ekspert vurğulayıb.

 

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 318 nəfərə çatıb, 91 511 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.  

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?