Martın 6-da İYİ partiyanın sədri Meral Akşener Türkiyə müxalifətinin təmsil olunduğu "Altılı masa"ya qayıdıb. Akşener müxalif koalisiyanın son iclasında CHP lideri Kamal Kılıçdaroğlunun vahid namizəd olmasına etirazını bildirmişdi. O, Ankara və ya İstanbul bələdiyyə sədrlərindən birinin namizəd olmasını istəyirdi. Bələdiyyə başqanları Mansur Yavaş və Əkrəm İmamoğlu ötən gün Akşeneri ziyarət edərək, onu "Altılı masa"ya qayıtmağa razı salıb.
Müxalif koalisiya martın 6-da keçirilən iclasında Kılıçdaroğlunun vahid namizəd olmasına "yaşıl işıq" yandırıb. İclas Səadət partiyasının qərargahında təşkil olunub. Görüşdə Səadət partiyasının sədri Temel Karamollaoğlu, CHP lideri Kamal Kılıçdaroğlu, İYİ partiyasının sədri Meral Akşener, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu, Demokrat partiyasının lideri Gültekin Uysal iştirak edib. Akşener Ankara və İstanbul bələdiyyə sədrlərinin vitse-prezident olma şərti ilə Kılıçdaroğlunun namizədliyinə razılıq verib.
Beləliklə, Kılıçdaroğlu mayın 14-də keçiriləcək prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi olacaq.
Bəs AKP-nin Kılıçdaroğlunun namizəd olmasına münasibəti necədir?
Türkiyə parlamentinin Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Şamil Ayrım Modern.az-a açıqlamasında bildirib ki, Kamal Kılıçdaroğlunun namizəd kimi göstəriləcəyi əvvəlcədən gözlənilirdi.

Onun sözlərinə görə, müxalifət düzgün seçim edib:
"Uzun müddət idi ki, namizədi açıqlamalarını gözləyirdik. Nəhayət, 1 il yarımdan sonra namizədlərini açıqladılar. Kılıçdaroğlunun namizəd göstəriləcəyi gözlənilirdi. Rəy sorğusunda ondan irəli çıxanlar var idi. Ancaq CHP "Altılı masa"da ən böyük partiya olduğuna görə, Kılıçdaroğlunu namizəd göstərdilər. Ancaq rəy sorğusunda ondan daha artıq səs toplayanlar vardı. Lakin onlar namizəd seçilmədi. Düşünürəm ki, bir partiyanın sədrini namizəd göstərmələri doğru qərar oldu. 14 mayda nəticəni görəcəyik. Biz seçkiyə hazırıq. Bu seçkini də qazanacağıq, inşallah!"
Ötən gün Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, Türkiyədə seçkilər mayın 14-də keçiriləcək. Seçkilərlə bağlı qərar isə martın 10-da qəbul ediləcək.