Modern.az

İranın yalanı: Nizami fars olmayıb, bunu faktlar təsdiqləyir

İranın yalanı: Nizami fars olmayıb, bunu faktlar təsdiqləyir

Aktual

10 Mart 2023, 12:46

Tehranda keçirilən “Nizami Gəncəvi həftəsi”nin açılış mərasimində İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında ilginc iddialar səsləndirib. O, çıxış zamanı Nizamini "fars şairi" adlandırıb.

 

"Bildiyiniz kimi, fars dili eşq və ürfan dilidir. Burada Həkim Nizaminin böyük yeri var. Onunla müqayisə olunacaq çox az şair tapmaq olar. Nizaminin fars dilində “Xəmsə”si, xüsusilə “Fərhad və Şirin”, “Leyli və Məcnun” və “7 gözəl” əsərləri eşq mövzusunda rəqibsiz nümunələrdir. Bu ədəbiyyatın kökləri onun şəxsi inamından bəslənir", - İran XİN sözçüsü deyib.

 

Kənani daha da irəli gedərək Gəncənin "İran mühiti olan şəhər" olduğunu iddia edib.

 

"Bununla belə, başqa istiqamətlərdə də Nizaminin eşqini müşahidə etmək olar. O, vətən aşiqidir. Onun vətən eşqi də bənzərsizdir. Bu fars doğumlu, bəlağətli şair, kəndli balası “Leyli və Məcnun”da bildirir ki, İran mühiti olan Gəncə şəhərində doğulsa da, ürəyi ata yurdu Əcəm İraqında olub”, - o bildirib.

 

İran mətbuatı ilə yanaşı erməni mediası da Kənaninin iddialarına geniş diqqət yetirib.

 

Gözlənildiyi kimi, İranın iddialarına Azərbaycanın cavabı gecikməyib. Dünən öz işinə başlayan Qlobal Bakı Forumunun açılış mərasimində Prezident İlham Əliyev bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə yanaşır. Nizami Gəncəvinin doğma Gəncə şəhərində dünyaya gəldiyini, orada yazıb-yaratdığını və orada da dəfn olunduğunu bildirən dövlət başçısı “Onun müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür”, - deyə vurğulayıb.

 

Mövzu ilə bağlı Modern.az-a danışan filologiya üzrə fəlsəfə doktoru, nizamişünas Əzizağa Nəcəfov bildirib ki, İranın Nizami Gəncəvi ilə bağlı iddiaları əsassızdır:

 

"İranın yüksək vəzifəli şəxsləri də bəzən çıxıb belə ifadələr işlədə bilir. Lakin bunu demək üçün heç bir əsasları yoxdur. Çünki Gəncə qədim türk şəhəridir. Nizaminin dəfni də onun türk olduğunu sübut edir. Qazıntılar apararkən onun türk üsulu ilə dəfn olunduğu aydın olub. Bunu iranlı alimlər də təsdiq edir. Nizami öz əsərlərində dəfələrlə türk sözünü işlədir. Türkün qəhrəmanlığı, qədimliyini yüksək səviyyədə təqdim edir. O əsərlərinin əksəriyyətində türk hökmdarlarını tərifləyir. Türkün səltənətini də ən ədaləti səltənət adlandırır. Bu da onun türkə böyük rəğbətini göstərir".

 

 

Əzizağa Nəcəfovun sözlərinə görə, Nizaminin əsərlərini farsca yazması o dövr üçün təbii hal olub:

 

"Sadəcə əsərlərini farsca yazması Nizaminin fars şairi olmasını deməyə əsas vermir. Çünki o dövrdə Hindistandan Şərqi Avropaya qədər ərazilərdə yaşayan bütün şərq klassikləri öz əsərlərini fars dilində yazırdılar. Nizami özü deyir ki, "mənim əsərlərimi hara aparsanız, yenə də əsərlərimdəki faktlar deyəcək ki, bu Gəncənindir". Bu da onun Gəncədə yaşayıb-yaratmasını və orada da vəfat etməsini sübut edir".

 

Filologiya üzrə fəlsəfə doktoru vurğulayıb ki, Nizaminin azərbaycanlı türk şairi olmasını bütün dünya təsdiq edir:

 

"Prezident İlham Əliyevin Nizami Gəncəvinin 870 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalamasından sonra da belə fikirlər baş qaldırmışdı. Bu ildə Nizami adı ilə beynəlxalq forum keçirildiyi üçün yenə oxşar müzakirələri açırlar. Bu, İranda istər-istəməz qıcıq oyadır. Beləliklə, Nizaminin fars olduğunu qabartmağa çalışırlar. Biz bütün bunlara öz əsərlərimizlə cavab veririk. Azərbaycan alimləri artıq 20-ci əsrin əvvələrindən öz əsərləri ilə sübut ediblər ki, Nizami Gəncəvi türk mənşəli Azərbaycan şairidir. Tək azərbaycanlılar yox, bunu bütün dünya ictimaiyyəti bu cür qəbul edir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?