Mədə, bağırsaq, öd kisəsi, qaraciyər və mədəaltı vəzi, başqa sözlə, həzm sistemi Oruc zamanı dincəlir, özünü təmiretmə və yeniləmə imkanı qazanır.
Modern.az xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən Kürdəxanı Sağlamlıq Mərkəzinin həkim-terapevti Vəfa Hüseynovanın deyib.
Onun sözlərinə görə, Ramazan ayında orqanizmin gücdən düşməməsi üçün bir sıra tövsiyələrə əməl etmək vacibdir:
• İmsakda və iftarda bol su içilməlidir. Ümumiyyətlə, səhər yataqdan duran kimi iki stəkan su içilməsi məsləhət görülür! Suyun az qəbul edilməsi təzyiqin qalxmasına, qanın laxtalanmasına səbəb olur.
• İmsak və iftar zamanı lif ilə zəngin qidaların qəbuluna önəm verin! Bu qidalar gün ərzində tox qalmağa səbəb olmaqla yanaşı yarana biləcək qəbizlik probleminin də aradan qalxmasına səbəb olur.
• İftar edərkən az-az yemək tövsiyə olunur. Gün ərzində ac qalan mədəni birdən-birə çox yeməklə yükləmək səhhətinizdə çox ciddi fəsadlara yol aça bilər.
• Qəbul olunan qidaların yaxşı çeynənilməsinə fikir verin.
• Bəzi insanlar imsakda qidalanmır və ya bir stəkan su içməklə kifayətlənir, bu tamamilə yanlışdır.
• İftardan bir saat sonra mütləq meyvə yemək və gəzintiyə çıxmaq lazımdır.