Modern.az

ABŞ-ın nüfuzlu beyin mərkəzi Fazil Mustafaya sui-qəsddən YAZDI - İran izi...

ABŞ-ın nüfuzlu beyin mərkəzi Fazil Mustafaya sui-qəsddən YAZDI - İran izi...

Aktual

6 Aprel 2023, 10:42

ABŞ-ın nüfuzlu Müharibə Araşdırmaları İnstitutu (ISW) İranla bağlı son hesabatında Azərbaycan-İran münasibətlərinin gərginləşməsi və deputat Fazil Mustafanın güllələnməsi məsələsinə də diqqət ayırıb.

 

Modern.az ISW-nin rəsmi saytına istinadən xəbər verir ki, hesabatın mövzuya həsr olunmuş hissəsində deyilir:

 

"İran parlamentinin 210 üzvü Azərbaycanın İsraildə yeni açılan səfirliyini pisləyən bəyanat imzalayıb. Bəyanatda səfirliyin açılmasının Azərbaycan üçün çoxlu “mənfi siyasi nəticələr” ola biləcəyi ilə hədələnir. Bəyanat Tehran və Bakı arasında bir neçə gündür artan gərginlikdən sonra verilib. Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani bundan əvvəl İsrailin xarici işlər naziri Eli Kohenin azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında İranla bağlı diskussiyasını pisləyib. Azərbaycan təhlükəsizlik orqanlarının martın 28-də azərbaycanlı deputat Fazil Mustafanın güllələnməsinə görə həbs etdiyi 4 şəxsdən 3 nəfəri İran təhlükəsizlik qüvvələrinin sifarişi ilə işləyirmiş. Bir neçə azərbaycanlı parlamentari hücumda İranı günahlandırıb".

 

Qeyd edək ki, ISW Azərbaycanda əsasən, Ukraynadakı müharibə ilə bağlı analitik materialları ilə tanınır.

 

Xatırladaq ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

 

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

 

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi