Modern.az

Daşınmaz əmlakın sığortası - vətəndaş niyə maraqlı deyil...?

Daşınmaz əmlakın sığortası - vətəndaş niyə maraqlı deyil...?

Aktual

10 İyul 2013, 12:59


Gündəlik olaraq Bakıda və ya regionlarda kiminsə bu və ya digər səbəblərdən evinin, əmlakının qismən və ya tamamilə yanması ilə bağlı xoşagəlməz xəbərlər alırıq. Mülk sahibləri evlərinə dəymiş ziyanı dilə gətirsələr də heç bir yerə müraciət edə bilmirlər. Çünki yaşayış mənzilləri və ya evlərini sığortalatmağa maraq göstərməyiblər və ya bu məsələyə ciddi yanaşmayıblar. Son illər bu kimi halların artması artıq hər kəsi narahat etməyə başlayıb. Amma bununla bağlı artıq vəziyyət dəyişib. Belə ki, ötən illərlə müqayisədə yaşayış evləri və mənzillərin icbari sığortalanmasında artım müşahidə edilir. Bunun bir səbəbi isə 2011-ci ilin iyunun 24-də “İcbari sığortalar haqqında” Qanun qəbul edilməsidir. 2012-ci ilin yanvarın 1-dən tətbiqinə başlanılan qanun layihəsi hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, eləcə də avtomobillərin icbari qaydada da sığortalanmasını nəzərdə tutur.

Daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Qanununun Xüsusi hissəsinin I fəslində nəzərdə tutulub. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Qanunda yaşayış evləri və mənzillər üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində müəyyən edilib. Beləliklə, Bakı şəhərində sığortanın miqdarı 25 min manat, ilkin ödənişin məbləği isə 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində sığortanın miqdarı 20 min manat, ilkin ödənişin məbləği 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə sığortanın miqdarı 15 min manat, ilkin ödənişin məbləği 30 manatdır.

Ancaq qanunvericiliklə icazə verilməyən yerlərdə inşa edilən, sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

Yaşayış evləri və mənzillərin icbari sığortalanmasına isə heç də bütün sığorta şirkətləri daxil edilməyib. Belə ki, ölkədə fəaliyyət göstərən 12 sığorta şirkəti İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilib. Bunlar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta”, “Standard Insurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “Paşa Sığorta”, “AXA MBASK”, “AzSığorta”, “Alfa Sığorta”, “Meqa Sığorta”, “İpək Yolu Sığorta”, “Azərbaycan Sənaye Sığorta”dır.

Mənzillərini icbari sığortaladanların sayında artım müşahidə edilir... 

Ötən ilin əvvəlindən Azərbaycanda başlanılan icbari sığortanın tətbiqində artıq müəyyən irəliləyişlər var. Belə ki, İcbari Sığorta Bürosuna üzv sığorta şirkətləri tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə 2012-ci il ərzində 149 101 sığorta predmeti sığortalanıb. Bunlardan 4 020-si hüquqi şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 27 887-si fiziki şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 117 194-ü yaşayış evləri və mənzillər olub.

Bu sığorta növü üzrə ümumilikdə 11 379 230,85 manat sığorta haqqı toplanıb ki, bunun 4 237 598,48 manatı hüquqi şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 2 676 317,35 manatı fiziki şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 4 465 315,02 manatı yaşayış evləri və mənzillərin sığortalanmasından toplanıb.

Göstərilən sığorta növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı 910 280,60 manat sığorta ödənişi verilib. Bundan 114 648,80 manatı hüquqi şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 169 875,40 manatı fiziki şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 625 756,40 manatı yaşayış evləri və mənzillərə dəyən zərərə görə ödənilib. Daşınmaz əmlakın icbari sığortası növü sığorta yığımına görə 2012-ci ildə icbari sığorta bazarının 8,91%-ni, ümumi sığorta bazarının isə 3,42%-ni təşkil edib.

İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2013-cü ilin I rübü ərzində icbari sığorta növləri üzrə ümumilikdə 182 min 169 sığorta müqaviləsi bağlanıb.

Azərbaycan Sığortaçılar Assosasiyasının mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmova bildirib ki, müqavilələrin 159 min 933 ədədi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 21 min 356 ədədi daşınmaz əmlakın icbari sığortası, 880 ədədi daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə olub.

“Bildirək ki, bu müddətdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 11 mln. 872 min 577  manat, daşınmaz əmlakın icbari sığortası üzrə 2 mln. 449 min 219 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə isə 73 min 655 manat sığorta haqqı yığılıb”.

Lakin statistik rəqəmlərdən də aydın olduğu qədər avtomabillərin icbari sığortalanmasında olan fəallıq daşınmaz əmlakın icbari sığortası zamanı müşahidə edilmir.

Millət vəkili Əli Məsimli bildirib ki, bu sahədə qanun qəbul olunsa da, yaşayış evlərinin sığortası işi arzu olunan səviyyədə getmir.

“Yaşayış evlərinin və mənzillərin icbari sığortası bazarında vəziyyət qeyri-müəyyəndir. İnsanların yaşayış evlərini və mənzillərini sığorta etdirmək istəməməsinin səbəbi isə belə ənənənin hələ formalaşmaması, sığorta bazarının yetkin səviyyədə inkişaf etməməsi, sığortalamanın əhəmiyyəti barədə əhali arasında yetərli səviyyədə iş aparılmaması, sığortaçıya inamın az olmasıdır”.

Ə.Məsimli vurğulayıb ki, əhali də daşınmaz əmlakın icbari sığortasına yetərincə maraq göstərmir.

“Əhalinin bun marağının az olmasının digər səbəbi onları inandıra bilmələri və ya inandırmaqdan ötrü zəruri işlərin görülməməsidir”.

Deputat qeyd edib ki, insanları icbari sığortaya cəlb etmək üçün sığorta bazarını inkişaf etdirmək, sığorta işinə münsibətin dəyişməsinə gətirib çıxara biləcək tədbirlər həyata keçirmək, əhalinin inamını artırmaq lazımdır.

Avtomabillərlə müqayisədə daşınmazı əmlakın icbari sığortasında zəiflik müşahidə edilir...

İqtisadçı Vüqar Bayramov bildirib ki, avtomobillərlə, daşınmaz əmlakın icbari sığortası eyni vaxtda tətbiq edilməyə başlasa da, yaşayış evləri və mənzillərin icbari sığortasında xeyli zəiflik müşahidə edilir. Onun sözlərinə görə, ölkədə avtomobillərin 99 faizinə icbari sığorta tətbiq edilirsə, amma hər üç daşınmaz əmlakdan ikisi icbari sığortadan keçmir.

“İcbari sığortadan istifadə edilməsi olduqca vacib olmaqla yanaşı, bu daşınmaz əmlak sahibləri üçün əlverişlidir. Daşınmaz əmlakın icbari sığortasından istifadə edilməməyinin səbəblərindən biri də vətəndaşların daşınmaz əmlakın icbari sığortası ilə bağlı məlumatlılıq səviyyəsinin aşağı olması ilə bağlıdır. Bu birmənalı şəkildə onların daşınmaz əmlakın icbari sığortasından istifadə etmələrini məhdudlaşdırır. Əvvəla icbari sığorta vətəndaşlar üçün vacibdir. Bu əmlaka, yaşayış mənzillərinə, eləcə də qeyri-yaşayış binalarına dəyən hər hansı ziyanın sığorta şirkəti tərəfindən ödənilməsinə gətirib çıxarır”.

V.Bayramlı daşınmaz əmlakın icbari sığortası ilə bağlı sığorta haqlarının yüksək olması məsələsinə də aydınlıq gətirib.

“Bakı şəhərində əmlakın icbarı sığortası ilə bağlı ümumi ilk ödənilən məbləğ 50 manatdır, bu aylıq olaraq 4 manat 20 qəpik vəsait deməkdir. Aylıq olaraq bu məbləği ödəməklə vətəndaş əmlakını icbari sığortalatmış olur. Bu da ona gətirib çıxardır ki, əmlaka hər hansı ziyan dəyərsə sığorta şirkəti 5 min manat ödəniş edərək həmin əmlaka dəymiş ziyanın aradan qaldırılmasına yardım etmiş olur”.

İqtisadçı ekspert vətəndaşların daşınmaz əmlakın icbari sığortası ilə bağlı maarifləndirilməsinə ehtiyac olduğunu da vurğulayıb.

“Tədqiqatlar göstərir ki, icbari sığortanın tətbiq edilməsinin az olması ona olan nəzarət mexanizminin zəif olması ilə əlaqədardır. Ona görə də nəzarət mexanizminin, qanunvericiliyin gücləndirməsinə ehtiyac var. Qanunvericiliyin möhkəmləndirilməsi olduqca vacibdir”.

Aztəminatlı ailələrin daşınmaz əmlaklarını dövlət sığortalayacaq...

Daşınmaz əmlakın icbari sığortasının üstün cəhətlərindən biri aztəminatlı ailələrin mənzilləri və yaşayış evlərinin dövlət tərəfindən sığortalanmasının həyata keçirilməsidir. Qaydaya əsasən, aztəminatlı ailələrə məxsus yaşayış evləri və mənzillərin sığortalanması üzrə müvafiq icbari sığorta müqavilələri bağlamış sığortaçı həmin müqavilələrdə nəzərdə tutulan sığorta haqlarını dövlət büdcəsi vəsaitləri hesabına almaq üçün Maliyyə Nazirliyinə müraciət etməlidir. Bu zaman sığorta şirkəti Nazirliyə aztəminatlı ailəyə məxsus yaşayış evi və ya mənzilin sığortalanması faktını təsdiq edən sığorta şəhadətnaməsinin surətini, həmin evin və ya mənzilin aztəminatlı ailəyə məxsus olmasını təsdiq edən sənədin surətini təqdim etməlidir. Nazirlik bu müraciətə 25 gün ərzində baxaraq çatışmazlıq aşkar etmədikdə, həmin müddətdə sığorta haqlarını sığortaçının bank hesabına köçürür. Sənədlər tam təqdim olunmadıqda nazirlik sığorta haqqının ödənilməsindən imtina edir.

Lakin Vüqar Bayramlı bu sahədə də zəifliyin olduğunu qeyd edib. “Çox təətsüf ki, aparılan tədqiqatlar göstərir ki, məhz bu kateqoriya olan insanlar hələ də icbari sığortanın bu növündən olduqca az məlumatlıdırlar. Buna görə də media kampaniyalarının aparılması və vətəndaşların vaxtaşırı maarifləndirilməsi olduqca vacibdir”.

Sovet dövründən qalma psixologiya...

Azərbaycan Sığortaçılar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmova bildirib ki, daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhalinin maarifləndirilməsi tədbirləri davamlı olaraq həyata keçirilir. “Ötən ay ərzində Azərbaycan Sığortaçılar Assosiasiyası və Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarət Xidməti birlikdə rayonlarda maarifləndirmə tədbirləri həyata keçirib. Bu tədbirlər şəhərlərdə də mütəmadi olaraq keçirilir və bu davam etdiriləcək. Bu tədbirlərdə əsasən əhaliyə sığortanın əhəmiyyəti, önəmi barədə ətraflı məlumatlar verilir”.

Vəfa Rüstəmova da bu gün daşınmaz əmlakın icbari sığortasının kifayət qədər olmadığını, tələbdən az olduğunu bildirib. Bunu isə o, insanların məlumatının az olması ilə əlaqələndirib. “Bundan başqa aspektlər də var. Məsələn, insanların sovet dövrü banklarda əmanətlərinin batması da dövlət sığorta şirkətlərinə inamı azaldır, amma qeyd edildiyi kimi maarifləndirmə işləri aparılır. Qeyd edim ki, məhz bu tədbirlərimiz nəticəsində ötən illərlə müqayisədə əmlakını sığortalatmaq istəyənlərin sayında artım müşahidə edilib”.

Ümumiyyətlə icbari sığorta sığorta münasibətlərinin inkişafına stimul yaradan bir sığorta növüdür. Vətəndaşlar məcburi və ya icbari olaraq bu sığortadan istifadə edir və bu da bütövlükdə sığorta bazarının genişlənməsinə və sığorta imkanlarının artmasına gətirib çıxardır. Ona görə də əmlakın icbari sığortasının inkişaf etdirilməsinin digər vacib səbəbi bunun bütövlükdə sığorta bazarının və sığorta münasibətlərinin inkişafına müsbət təsir göstərməsi ilə bağlıdır.

Aytən ƏLİYEVA

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı