Son günlər Ermənistanın "cəsarətlənməsi" və onların Azərbaycana qarşı təxribat hazırlığı göstərir ki, işğalçıların arxasında Rusiya dayanır.
Bunu Modern.az-a açıqlamasında Türkiyə Ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı deyib.
Onun sözlərinə görə, Rusiya açıq şəkildə olmasa da, gizli yollarla Ermənistana dəstək verir.
“Ermənilər Rusiyanın Türkiyəyə qarşı münasibətini dəyişdirəcəyini düşünür. Rusiyanın taxıl sazişindən imtina etməsindən sonra situasiyanın onlar üçün faydalı olacağını hesab edərək, ruslara arxalanmağa başlayıblar. Ermənilər ruslardan cəsarət alıb, təxribat hazırlığı görür. Türkiyənin bu məsələyə açıq münasibət göstərməsini gözləyirəm. Qarabağın hər bölgəsi Azərbaycanındır. Gizli yollarla Qarabağ gəlmək yolverilməzdir və orada Azərbaycanın istəyindən əlavə dəhlizin açılmasından söhbət belə gedə bilməz. Sadəcə olaraq Ermənistan Rusiyadan cəsarət tapıb. Rusiyanın da üstüörtülü şəkildə Ermənistana dəstək verdiyini görürük”,- Cihad Yaycı bildirib.

Türkiyəli kontr-admiral vurğulayıb ki, Qərb ölkələri arasında Azərbaycan və Türkiyənin uğurlarını, birliyini həzm edə bilməyənlər var:
“Ermənistanın bəzi təkliflərini Qərb dairələri dəstəkləyir. Azərbaycan və Türkiyəyə qarşı şər ittifaqı yaradıblar. Ermənistanı təxribata təhrik edib, ona müxtəlif yollarla dəstək verməklə Azərbaycanı və Türkiyəni çətin vəziyyətdə qoymaq istəyirlər. Azərbaycan və Türkiyə şər ittifaqının bütün təkliflərinə, addımlarına qarşı dik durmalıdır. Qarabağ Azərbaycanındır. Məhz bu səbəbdən Qarabağa başqa bir yerdən dəhliz açılması yolverilməzdir. Qarabağ Azərbaycan torpağıdır. Bütün dünya bu reallığı qəbul etməlidir. Bununla bağlı açıq mövqe ortaya qoymaq lazımdır. Türkiyə də Ermənistana gömrük qapılarını açmaq məsələsini dayandırmalıdır”.
Qeyd edək ki, Ermənistan tərəfi Azərbaycana qarşı yeni hərbi təxribatlar hazırlayır. Son günlər erməni rəsmiləri və Qarabağdakı separatçılar ordumuza qarşı hərbi təxribatlara əl atacaqları barədə müxtəlif siqnallar verirlər. Ötən gün Dövlət Sərhəd Xidməti (DSX) Ermənistana qəti şəkildə xəbərdarlıq edərək, İrəvan hakimiyyətini insidentdən yayınmağa çağırıb. Əks tədbirdə sərhədçilərimizin cəza tədbirlərinə əl atacağı qeyd olunub.