Aşura mərasimi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına uyğun şəkildə həyata keçirilib.
Bunu Modern.az-a açıqlamasında QMİ sədrinin müavini Bəxtiyar Nəcəfov bildirib.
“Bu gün Qafqaz Müsəlmanları İdarəsi, onun təşkilat şöbəsi, rəhbərliyi bütün məscidlərlə əlaqə saxlayıb. Aşura mərasimi yekunlaşdıqdan sonra bütün məscidlərdən axundlar, qazılar bizə məruzələr ediblər. Daxil olan məlumatlara əsasən, neqativ hallar qeyd olunmayıb. Aşura mərasimi Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçirilib, problem yaşanmayıb”.
B.Nəcəfov Aşura günü təşkil olunan qanvermə aksiyasını da yüksək qiymətləndirib:
“Qanvermə aksiyası hər il olduğu kimi, bu il də şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə təşkil olunub. Qanvermə aksiyasının mərkəzi Təzəpir məscidi idi. O cümlədən Bakının digər ərazilərindəki məscidlərdə də qanvermə aksiyası üçün həkimlər gəlmişdi. Möminlər gəlib qan verdilər. Aksiya yüksək səviyyədə keçdi”.
Məlumat üçün bildirək ki, bu gün Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunub. Aşura günü ilə əlaqədar Azərbaycan məscidlərində İmam Hüseyn əzadarlığı keçirilib. Hər il olduğu kimi, bu il də Aşura günü qanvermə aksiyaları təşkil olunub.
Qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində keçirilib.