Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüşün keçirilməsi gözlənilir. Liderlər görüş barədə razılığa gəlsələr də, dəqiq tarix məlum deyil.
Putin bu yaxınlarda keçirdiyi mətbuat konfransında bildirib ki, tərəflər arasında görüşün hələ Türkiyədəki seçkiöncəsi gerçəkləşdirilməsi planlaşdırılsa da, sonradan məqsədəuyğun hesab edilməyib:
“Razılaşdıq ki, görüşəcəyik, ya o bizə gələcək, ya da mən onun yanına gedəcəyəm. Ərdoğan məni hələ seçkilərdən öncə dəvət edib, lakin mümkün “spekulyasiya” səbəbindən bunu etməmək qərarına gəlmişdik. Bu, nə ona, nə də mənə lazım deyil. Biz görüşümüzü başqa vaxta təyin etmək qərarına gəldik, lakin biz bunun harada, yəni ya bizdə, ya da Türkiyədə olacağını hələ aydınlaşdırmamışıq”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu gün jurnalistlərə açıqlamasında deyib ki, Putinin Türkiyəyə nə zaman rəsmi səfər edəcəyi hələ məlum deyil. Onun sözlərinə görə, avqust ayının 2-də prezidentlər telefon əlaqəsi saxlayacaqlar.
Türkiyə və Rusiya liderlərinin görüşünün gecikməsi və bunun səbəbləri diqqət çəkir. Maraqlıdır, Putin görüşə tələsmir, yoxsa Ərdoğan israr etmir?

Rusiya siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki, tanınmış politoloq Mixail Neyjmakov Modern.az-a açıqlamasında bildirib ki, görüşün gecikməsinin səbəblərindən biri Putinin iş qrafikinin gərgin olmasıdır.
“İndi Rusiya Prezidentinin qrafiki Afrika ölkələrinin liderləri ilə görüşlərlə zəngindir. Türkiyə lideri ilə görüşün təxirə salınmasının əsas səbəbi məhz odur. Buna görə də hazırkı situasiyaları baş düşmək lazımdır. Eyni zamanda görüşün bir müddət əvvələ salınmamasının digər səbəbi gözlənilən spekulyasiyalardır. Ola bilsin ki, tərəflər arasında görüş bir müddətlik təxirə salınıb. Müzakirə olunacaq mövzulara gəldikdə isə deyə bilərəm ki, ilk olaraq Ukrayna məsələsi, Türkiyənin vasitəçiliyi, Cənubi Qafqazda sülh prosesi, xüsusilə də Qarabağ mövzusu müzakirə olunacaq. Rusiya Cənubi Qafqazda Türkiyənin mövqeyini dəstəkləyir”, - rusiyalı politoloq vurğulayıb.

Ukraynanın tanınmış hərbi eksperti Oleq Starikov isə hesab edir ki, liderlərin görüşünün gecikməsinin səbəblərindən biri Ukraynadır:
“Ukrayna Türkiyənin iki ölkə arasında vasitəçi olmağından məmnundur. Bu vasitəçiliyi yüksək qiymətləndiririk. Amma bəzən Rusiya tərəflər arasında razılıqdan və ya üzərinə götürdüyü öhdəliklərdən yayına bilir. Bu da Türkiyə ilə Rusiya arasında zaman-zaman münasibətlərdə fikir ayrılıqlarına səbəb olur. Bunu qaydasına salmaq, tərəfləri razı salmaq uzun vaxt ala bilər. Düşünürəm ki, görüşün təxirə salınmasının digər səbəbi Qərbin reaksiyası olub”.