Modern.az

Ermənistan sərhədləri açmaq istəyir - Türkiyə “YOX” deyir

Ermənistan sərhədləri açmaq istəyir - Türkiyə “YOX” deyir

Aktual

2 Avqust 2023, 17:42

Son günlər Ermənistan və Türkiyə arasında sərhədlərin açılması məsələsi yenidən gündəmə gəlib. Belə ki, ötən aydan etibarən Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara kəndi ərazisində yeni gömrük binalarının tikintisinə başlanılıb. 

 

“Nazirlər Kabinetinin qərarına əsasən, artıq birinci mərhələdə podratçı şirkətə 350 min ABŞ dolları məbləğində vəsait ayrılıb. İkinci mərhələdə ayrılan vəsaitin həcmi 280 min ABŞ dolları təşkil edəcək və ən azı üç modul pavilyonun tikintisinə başlanılacaq”,- Ermənistan mətbuatı yazıb.

 

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya səfər edən Ermənistan Baş naziri Nikol Paşinyan sərhədlərin açılması üçün işlərin görüldüyünü bildirib və mətbuata açıqlamasında müsbət mesajlar verib.

 

Qeyd olunub ki, danışıqlar zamanı iki ölkənin sərhədində yerləşən Marqara (Türkiyə tərəfdə Alican) keçid məntəqəsinin iyulun ikinci yarısında açılmasının mümkünlüyü barədə fikir mübadiləsi aparılıb. Amma buna baxmayaraq, indiyədək ölkələr arasında sərhədlər açılmayıb.

 

Müşahidələrə əsasən deyə bilərik ki, Ermənistan tərəfi sərhədlərin ən qısa zamanda açılmasında maraqlıdır. Bəs Türkiyə Azərbaycanla hələ də sülhə nail ola bilməyən Ermənistanla sərhədlərini nə zaman açacaq?

 

 

Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı, ekspert Cihad Yaycı Modern.az-a açıqlamasında bildirib ki, sərhədlərin açılması Ermənistanın davranışlarından asılıdır.

 

“Türkiyə və Ermənistan arasında sərhədlərin açılması ötən ildən gündəmdədir. Bununla bağlı tərəflər razılıq əldə edib. Amma Türkiyə üçün sərhədlərin açılmasından daha vacib bir şey var. O da qardaş ölkə Azərbaycanın mövqeyidir. Bu gün biz görürük ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil. Bu da ciddi olaraq sülh müqaviləsinin bağlanmasına mane olur. Ermənistan bu kimi addımlar atmaqla Türkiyədən müsbət nəticə gözləyə bilməz. Sərhədlər Azərbaycanla bağlı mövqeyimizə uyğun olaraq açıla bilər. Bu da indiki zamanda çətin prosesdir. Ermənistan regionda sabitliyə zəmanət verməlidir ki, sülh addımları atılsın. Amma biz əksini görürük”, - türkiyəli mütəxəssis deyib.

 

Kontr-admiral sərhədlərin açılmasında Ermənistan tərəfinin daha maraqlı olduğunu söyləyib:

 

“İki ölkə arasında sərhədlərin açılması Ermənistan tərəfi üçün iqtisadi sahədə böyük uğur deməkdir. Ona görə də sərhədlərin açılması üçün qarşı tərəf ciddi addımlar atır. Amma burada bizim üçün vacib olan Azərbaycanla münasibətlərdir. Ermənistan tərəfi çətinlik çəkən iqtisadiyyatını yüksəltmək istəyirsə, Azərbaycanın tələblərinə əməl etməlidir. Yoxsa günü-gündən çökən Ermənistan iqtisadiyyatı daha da tənəzzülə uğrayacaq”.

 

 

Məlumat üçün bildirək ki, Ermənistanla Türkiyə arasında quru sərhədləri 1993-cü ildən bağlı idi, bu müddət ərzində yük maşınları Gürcüstan və İran ərazisindən tranzit keçməyə məcbur olub.

 

Ötən ilin yayında xüsusi nümayəndələrin görüşü zamanı tərəflər üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması barədə razılığa gəliblər. İlin sonunda Türkiyə mətbuatı Alican sərhəd keçid məntəqəsinin açılmasının mümkün olduğunu yazıb. Lakin razılaşma hələ ki həyata keçirilməyib.

 

Bir neçə ay əvvəl Türkiyədə baş verən zəlzələdən sonra Ermənistan Kahramanmaraşa 100 ton humanitar yardım və 27 nəfərdən ibarət xilasetmə qrupu göndərib. İrəvanın humanitar yardımı təxminən 35 il əvvəl bağlanan Alican sərhəd-keçid məntəqəsi vasitəsilə göndərilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı