Ötən gündən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Amma un yüklü iki avtomobil dünəndən Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.
Bir neçə aydır guya "humanitar böhran" içində olduqlarını iddia edən ermənilərin Azərbaycanın göndərdiyi yardımı qəbul etməməsi beynəlxalq ictimaiyyət tərəfindən də birmənalı qarşılanmayıb.
İrlandiyalı tarixçi, ekspert Patrik Uolş Modern.az-a açıqlamasında bildirib ki, ermənilər son aylarda Azərbaycanın Qarabağ üzərində qanuni milli suverenliyini təsdiqləmək istiqamətində fəaliyyətini blokada və soyqırım kimi təsvir etmək məqsədi daşıyan beynəlxalq kampaniya aparırlar:
“BMT-nin bu yaxınlarda keçirilən iclasında Təhlükəsizlik Şurası ermənilərin iddialarını qəbul etməkdən imtina etdi. Bunu haqlı olaraq nüfuzdan salan təbliğat kimi başa düşmək olar. BMT tərəfindən rədd edilən ermənilər artıq beynəlxalq ictimaiyyət tərəfindən cəzalandırılmış sayılır. İndi onlar sadəcə Azərbaycanın milli suverenliyi məsələsini beynəlmiləlləşdirməyin qarşısını almaq barədə düşünürlər", - o qeyd edib.

Ekspert diqqətə çatdırıb ki, Ağdam-Xankəndi yolu təklifinə baxmayaraq, Azərbaycanı blokadada ittiham edirlər.
"Əslində bu, Ermənistanın beynəlxalq aləmdə Azərbaycana qarşı siyasi impuls yaratmaq üçün özünün verdiyi əziyyətdir. Bununla belə, beynəlxalq ictimaiyyətin hazırda erməni istəklərindən daha ciddi məsələlər var. Dünyada daha ciddi problemlər olduğu bir vaxtda belə davranışlara beynəlxalq ictimaiyyətin vaxtı yoxdur. Ermənilərin səyləri sadəcə məyusluqluqla nəticələnəcək. Azərbaycanın humanitar yardımını qəbul etməməklə onlar böyük yanlışlıq edirlər”, - Patrik Uolş deyib.