Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşmış erməni separatçıları bu gün Xankəndidə özlərinə yeni “prezident” seçiblər. Beləliklə, Samvel Şahramanyan qondarma rejimin yeni başçısı olub.
Azərbaycan Xankəndidəki qondarma rejimin “seçkilər”indən sonra hansı addımı atmalıdır?
Türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu Modern.az-a deyib ki, Qarabağdakı separatçıların ən sərt şəkildə cavabı verilməlidir:
"Qarabağda separatçıların keçirdiyi “seçki” qeyri-qanunidir. Beynəlxalq aləmin qəbul etdiyi prinsiplərə ziddir. Burada məqsəd Qarabağın guya onlara aid olduğunu dünya ictimaiyyətinə göstərməkdir. Separatçıların cavabını heç bir tolerantlıq göstərmədən vermək lazımdır. Tolerantlıq göstərdikdə ermənilər fərqli xəyal və düşüncələrin ardınca gedirlər. Ona görə də, bu məsələdə ayıq-sayıq olmalı, koordinasiyalı hərəkət etməli və beynəlxalq müstəvidə də onlara cavab verilməlidir. Qarabağdakı işğalçılar arasında Suriya, İraq və Livandan gələn ermənilər də var. Cənab Prezident İlham Əliyev həmişə deyir ki, Azərbaycanın qanunlarına uyğun yaşamaq istəyən ermənilərə qapı hər zaman açıqdır. Azərbaycan pasportunu aldıqları zaman digər azərbaycanlılar kimi onlara da haqq və hüquqlar tanınacaq".

Təhlükəsizlik eksperti Azərbaycanın hansı addımı atmalı olduğunu da qeyd edib:
"Azərbaycanın o bölgədə tam suverenliyinin bərpa olunması və regionun tam azad edilməsi üçün həmin ərazidə ciddi hərbi işlər getməlidir. Ordunun bir çox elementlərini oraya yığmaq lazımdır. Fabrikdən tutmuş, bir çox iş sahəsini oraya daşımaq lazımdır. Bu Qarabağın özbəöz Azərbaycan torpağı olmasını dünya ictimaiyyətinə çatdırmaq üçün lazımi addımdır. 3-5 erməni qondarma “parlamentdə” “seçki” keçirirsə, deməli problem var. Biz bunu Türkiyədə yaşadıq. 10 milyon erməni 250 milyon türkün yaşadığı coğrafiyada türkdən daha böyük səs qazandı. Başda Fransa olmaqla, 100-dən çox ölkədə “erməni soyqırımı” qəbul edildi. Əslində, soyqırımına məruz qalan türk millətidir. Türkiyə ilə eyni taleyi yaşamamaq üçün millət olaraq ayıq-sayıq olub, sürətli davranmaq lazımdır. Əgər bu separatçılar belə davam edərlərsə, onları İrəvana geri qaytarmaq lazımdır. Bunun başqa çarəsi yoxdur".