Məhsəti Şərif
Əslində hər kəsin içində bir cin, şeytan yatır. Bəzilərinin içindəki şeytana təslim olur. Yatıb durur, deyir mənə vergi verilib. Sonra da başlayır, ya ələm uçurmaga, ya da cin çarpmış adamı sağaltmaga. Məncə bu adamlar fantastik kinolara çox baxır və onun təsirini üzərlərindən ata bilmirlər. Yoxsa göyə peyk buraxdığımız ildə nə cindən, nə də şeytandan danışarıq. Amma bir məsələ də var ki, biz qələm əhli də o insanları xüsusi təbliğ etməyə maraqlıyıq. Necə deyərlər, bir dəli quyuya daş atır, min dəli də onu çıxarmaqla uğraşır.
Məndən kimsə inciməsin, belə insanların təbliği dəlilikdir. Biz qələm əhli deyilmiyik ölkəmizi geridə qalmaqda ittiham edən? İnsanların çoxunun cahil olduğunu deyib gileylənən? Ya da bəzi televiziya proqramalrına çıxan sadə insanalara gülüb, sosial şəbəkələrdə boy-boy statuslar yazan? Onda biz kimi aldadırıq? Əvvəlcə cin vuran adamın içindən cıxarılan cindən, ələm “uçurdan” cahildən durmadan yazırıq. Sonra da elə oturub öz yazdıqlarımzı müzakirə edirik.
Mənim əziz həmkar dostlarım biz axı niyə səmimi deyilik? Niyə elə öz içimizədə şeytan oturduğun etiraf etmirik? Bilirəm bu yazıya görə çoxunuz deyəsiniz ki, nədi ağıllı çıxmısan? Çünki mən sizin içinizdən çıxmışam və məsələlərə yanaşmanı bilirəm.
Həmkarımız Qabil bəy bu ələm məsələsini yaxşı yazdı və məncə nöqtə qoydu. Ona görə mən sadəcə özümüzdən yazmaq istədim. Axı bizə verilən missiya tam fərqlidir. Biz maarifləndiriciyik. Falçıları, cindarları nə qədər təbliğ etsək, onları ekstarsens damğası ilə teleulduz etsək, o qədər də millətimiz geri gedəcək. Onlarda çarə axtaracaq. Ya da gedib aşura mərasimlərində baş-gözlərin yaracaqlar.
Bir həftədi sosial şəbəkələrdəki cindən, cinradarlardan oxumaqdan təngə gəlmiş biri kimi yazıram. Dəyərli vaxtımızı dəyərli insanlara sərf edək. Ölkəmizin problemi bu qədərmi azalıb? İnsanalrımız artıq gül-gülüstan içindəmi yaşayır? Ya da ki artıq Qarabağ problemi çözülübmü? Ya da media sektoru bu qədərmi inkişaf edib? Qadına zorakılq bitibmi? Xəstəxanalarda vəziyyət düzəldimi?
Bu siyahını çox uzatmaq olar. İndi hər şey həll olub, qalıb cindarlar. Hə, bir məsələ də var. Bir də ən böyük dərdimiz toydan qaçan gəlin var. Az qala qəhrəmana çevirdiyimiz gəlini qaçan bəy. Görərsiniz, o bəy birazdan ya muğənni olacaq, ya da falçı. İndi biz hərdən bir kənara çəkilək və özümüzə yaxşı baxaq. Hər şeyi həll edib “saqqal darağı” dərdinə düşmüşük.
Fantastik kinolarda bəzən cindarları yandırırlar. Hərdən düşünürəm ki, jurnalistlər belə bir xəbər yaza ki, qanun çıxıb cindarlar, falçılar yandırılacaq. İnanın ki, elə həmin gün o işlə məşğul olanlar çıxıb deyəcək ki, bəs yuxuda mənə mələklik verildi... Bax qiyamət o gün qopacaq.