Modern.az

Ermənilər Azərbaycan almanlarına çox acılı günlər çəkdiriblər

Ermənilər Azərbaycan almanlarına çox acılı günlər çəkdiriblər

Aktual

11 İyun 2014, 23:15


Azərbaycan qədim və zəngin mədəniyyətə malikdir. Həmçinin, Azərbaycan ərazisində yaşayan digər xalqlar bu zənginliyə bir qədər də rəng qatıblar. Ölkə Prezidenti də bu barədə dəfələrlə bildirib ki, bu zənginlik, ölkəmizdə fərqli xalqların dinc, yanaşı yaşaması bizim sərvətimizdir. Azərbaycan xalqının yüksək tolerant mədəniyyətə malik olduğunu və xoş ünsiyyətə üstünlük verdiyini bariz bir şəkildə göstərir. O cümlədən, XVIII əsrdə Azərbaycana köçmüş almanların öz mədəniyyət və məişətlərini rahat bir şəkildə yaşatmaları da bundan xəbər verir. Almanlar Azərbaycanın qərb bölgəsində – indiki Göygöl, Tovuz, Şəmkir kimi rayonların ərazisində məskən salıblar və Yelenendorf, Annenfield, Traubenfield kimi yaşayış məskənləri salıblar. Amma məhz ermənilər burada onlara da dinclik verməyiblərmiş…

Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, yazıçı-publisist Cəlaləddin Qasımov almanların o zaman ölkəmizə köçməsi və burada qoyduqları izlər barədə Modern.az-a fikirlərini bildirdi:

“Dünya tarixində iz qoyan alman xalqı ilə azərbaycanlılar arasında zaman-zaman möhkəm dostluq telləri mövcud olmuş Bir yazıçı olaraq bu maraqlı mövzu mənim də nəzərimdən yayınmayıb və bu yaxında çap olunmuş “27 ildən sonra” kitabımda bu barədə geniş bəhs olunub. Belə ki, həmin kitabda alman və Azərbaycan xalqlarının tarixindən, almanların Azərbaycana gəlişindən, yerli camaatla almanların dostluğundan ətraflı yazmışam, Kitabımda 159-cu səhifədən başlayaraq bu barədə ətraflı bilgi verilir”.

Tədqiqatçının fikrincə, o zamanlar almanlar Tovuzu öz dillərində Traubenfield adlandırırdılar.

”Siemens qardaşlarının KO şirkəti Gədəbəy və Daşkəsəndə filiz hasilatı ilə məşğul idi. 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 32 km olan 33 vaqondan ibarət 4 lokomotivli dəmir yolu çəkmişdilər. Həmin vaxtlarda tikilmiş Xanlar şərab zavodunun da adını Siemens qardaşları qoyublar. 1914-cü ildə Birinci Dünya müharibəsi zamanı rus çarı II Nikolay Krım , Moldova, Şimali Qafqaz və Volqaboyunda yaşayan almanları Sibirə sürgün etdi. Bu vaxt Gəncə quberniyasında yaşayan almanların da köçürülməsi gündəmdə idi. Rəfibəyov qardaşları, Paşa Qasımov Qafqaz canişininin yanına gedib, almanlara zamin duraraq onların köçürülməsini dayandırıblar. Onu da qeyd edim ki, Paşa Qasımov mənim babamın qardaşıdır. Almanlar Xanlar rayonundan sürgün ediləndən sonra ermənilər alman evlərinə yerləşdirildilər. Eləcə də Şəmkir, Tovuz rayonlarında almanların evlərinə ermənilərin yerləşdirilməsi faktdır. 1941-ci ildə almanlar Azərbaycandan sürgün ediliblər. Hələ o dövrdə erməni milyonçularının Azərbaycanda yeritdiyi terror və soyqırımı siyasətindən almanlar da əziyyət çəkiblər. 1905-ci ildən 1907-ci ilin avqustunadək ermənilərin “Daşnaksyutun” terror partiyası Yelendorf ( Xanlar ) almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər. Onlar ozamankı şərab istehsalçıları olan Forer və Qurr adlı almanlardan 30 min rubl pul tələb ediblər. Qurr bu məbləği ödəyə bilmədiyi üçün qətlə yetirilib. Sovetləşmədən sonra ermənilər Azərbaycan almanlarına “antisovetçi“ damğası vuraraq bildirmişdilər ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyinə almanlar böyük təntənə ilə dəstək verərək Azərbaycana gəlmələrinin 100 illiyini qeyd ediblər. Ermənilər Azərbaycana həmrəy olan almanları güllələyiblər. Beləliklə, almanlar ermənilərdən çox acılı günlər görüb”.

Daha sonra almanların tarixi barədə fikirlərinə davam edən tədqiatçı deyir ki, 1941-ci ildə rayonun hörmətli sakinlərindən biri olan Qasımov Paşanın evində də yoxlama keçirilib:

“Evdən alman kitabları tapıldığına görə onu həbs ediblər. Paşa Qasımov vaxtilə Qori seminariyasının Gəncədəki Tatar məktəbini oxumuşdu. Sonradan Azərbaycanın vəzifəli şəxsləri olmuş Həmid Sultanov, Musa Şəmşəddinski Paşanın tələbə yoldaşları olublar. Gəncə milisi Qara Camal Paşanı azad etməyi tapşırırlar. Sonra Qasımovun evindən götürülmüş kitabları tərcümə etdirirlər, məlum olur ki, bu kitabda dərmanların hazırlanması, xəstəliklərin müalicəsi, tibbə aid çox şey yazılıb. Kitab vasitəsilə dərman hazırlayıb, cəbhə bölgələrinə yollayırlar. Bu dərmanlar çox faydalı olduğu üçün Paşanı azad edərək ona pul mükafatı da veriblər. Eyni zamanda Qazax, Tovuz, Şəmkir, Gədəbəy rayonları birləşmiş olduğu vaxtlarda onu Rayon İcra Komitəsinin sədri təyin etmişdilər. “27 ildən sonra” kitabının 163 və 164-cü səhifələrdə 1937 -ci ildə çəkilmiş şəkillərdə Paşa almanlarla birlikdədir. 1953-cü ildə babamın dostu Şoler Tovuza gəlir, Paşanın qonağı olur. O, Qazaxıstanda yasadigini bildirir. O, Tovuzdakı kəhrizi inşa etdirmişdi. Şoler bir həftədən sonra Qazaxıstana gedir. Babam Paşa kişi deyir: “Bundan sonra rahat ölə bilərəm. Əmanəti sahibinə çatdırdım”. Atam deyir ki, Şoler və onun iki qızı həkim idi. Həmin kitablar da qızlarının idi. Almanları 1941-ci ildə sürgün edərkən o, qızıllarını, qiymətli əşyalarını etibarlı dostu Paşa Qasımova saxlamağa vermişdi. O, 1953-cü ildə qızıllarını alır. Kitablarının müsadirə edildiyini eşidəndə babama deyibmiş ki, kaş bütün qızıllarımı müsadirə edərdilər, kitablarımı yox”. Babam isə Şolerə bildiribmiş ki, mənsə sevinirdim ki, sovet hökuməti nə yaxşı qızılları tapmadı, kitabları tapdı. Bildiyiniz kimi, bu kitabda – “27 ildən sonra”da Dağlıq Qarabağ müharibəsindən, Xocalı soyqırımından, erməni vəhşiliyindən də yazılıb”.

Tərcümeyi-hal 

Cəlaləddin Qəzənfər oğlu Qasımov 1967-ci ildə Tovuz rayonunda dünyaya gəlib. 1984-cü ildə orta məktəbi bitirib, həmin il Moskva İdarəetmə İnstitutuna qəbul olub. 1985-ci ildə hərbi xidmətə yollanıb. Almaniyanın Verder şəhərində altı ay SSRİ-nin məxfi rabitə kursant kursunda təhsil aldıqdan sonra Veymarın Nora qəsəbəsində yerləşən 8-ci ordunun qərargahında Qafqaz millətlərinin ilk nümayəndəsi kimi ən məxfi stansiyada gizli radiostansiyanın rəisi vəzifəsində xidmət edib. 1987- ci ildə hərbi xidmət müddətini başa vurduqdan sonra təhsilini Azərbaycanda davam etdirmək qərarına gəlib, Bakı Dövlət Universitetinə qəbul olub. Daha sonra o, Ukrayna Beynəlxalq Hüquq Akademiyasını, Azərbaycan DİN-in Polis Akademiyasını bitirib. 1997- ci ildən respublikamızın daxili işlər orqanında xidmət edir. Xətai rayon Polis İdarəsinin bölmələrində rəis müavini işləyib, rəis vəzifəsini icra edib. Hazırda Bakı Şəhər Baş Polis İdarəsində çalışır. Polis mayorudur.
Ailəlıdir, iki övladı var.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı