Aprelin 30-dan mayın 2-dək Bakı regionun ən mühüm elmi və tibbi tədbirlərindən birinə – 4-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo 2026-ya ev sahibliyi edəcək.
Modern.az xəbər verir ki, mötəbər tədbir laborator tibb, klinik diaqnostika, biokimya, mikrobiologiya, immunologiya, genetika, patologiya və digər prioritet istiqamətlər üzrə yerli və xarici mütəxəssisləri bir araya gətirəcək.
Konqres illər ərzində Azərbaycanın elmi potensialını beynəlxalq platformalarda tanıdan, regional əməkdaşlığı gücləndirən və səhiyyənin inkişafına töhfə verən aparıcı elmi platformaya çevrilib. Bu il keçiriləcək dördüncü konqres həm iştirakçı sayı, həm beynəlxalq tərəfdaşlıq səviyyəsi, həm də elmi proqramın zənginliyi baxımından əvvəlki illərdən daha genişmiqyaslı olacaq.
Məlumat üçün bildirək ki, AZLTK & LAB EXPO 2026-nın ən mühüm və tarixi hadisələrindən biri Avropa Klinik Kimya və Laborator Tibb Federasiyasının – EFLM ilk dəfə olaraq bölgəmizdə yüksək səviyyəli elmi toplantısını məhz Azərbaycanda təşkil etməsidir. “Laborator tibbdə yeni trendlər” mövzusuna həsr olunacaq beynəlxalq simpozium çərçivəsində müxtəlif Avropa ölkələrindən tanınmış alimlər, ekspertlər və sahə liderləri çıxış edəcəklər.
Bu qərar Azərbaycanın laborator tibb sahəsində qazandığı uğurların, ölkəmizin artan beynəlxalq nüfuzunun və elmi diplomatiyada əldə etdiyi nəticələrin bariz göstəricisi kimi qiymətləndirilir. Eyni zamanda, bu tədbir Bakı şəhərinin regionun tibbi-elmi dialoq mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək.
Konqresin proqramı laborator tibbin ən aktual və innovativ mövzularını əhatə edir. Sessiyalar və panellərdə “Molekulyar diaqnostika və fərdiləşdirilmiş tibb” , “Süni intellekt və rəqəmsal laboratoriyalar”, “Yeni biomarkerlər və erkən diaqnostika” və. s istiqamətlər üzrə müzakirələr aparılacaq.
Konqresə Avropa, Türkiyə və digər ölkələrdən çoxsaylı elmi cəmiyyətlərin, universitetlərin, tədqiqat mərkəzlərinin və səhiyyə qurumlarının nümayəndələrinin qatılması gözlənilir. Ənənəvi tərəfdaşlar sırasında Türkiyənin aparıcı elmi qurumları, o cümlədən Klinik Biokimya Mütəxəssisləri Dərnəyi və Klinik Mikrobiologiya Mütəxəssisləri Dərnəyinin dəstəyi xüsusi əhəmiyyət daşıyır.
Yüzlərlə həkim, laboratoriya mütəxəssisi, alim, rezident, gənc tədqiqatçı və tələbənin qatılacağı tədbir yeni əməkdaşlıqların qurulması, ortaq layihələrin təşkili və peşəkar şəbəkələşmə baxımından da mühüm platforma olacaq.