Süni intellektin inkişafı və əlverişli maliyyə siyasəti sayəsində bu il dünya milyarderləri siyahısına rekord sayda - 3428 sahibkar, investor və varis daxil olub.
Modern.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu göstərici 2025-ci illə müqayisədə 400 nəfər çoxdur.
Araşdırmalara görə, bu il milyarderlərin ümumi sərvətləri rekord həddə - 20,1 trilyon dollara çatıb ki, bu da ötən illə müqayisədə 4 trilyon dollar çoxdur.
Bu il ən çox milyarder ABŞ-də qeydə alınıb. Belə ki, ölkədə milyarderlərin sayı rekord həddə - 989 nəfərə çatıb. Onların ümumi sərvəti isə 8,4 trilyon dollardır. Buraya dünyanın ən varlı 20 adamından 15-i, o cümlədən ən zəngin insanı da daxildir. Keçən il ən çox milyarderə sahib olan Amerika, bu il də 106 yeni milyarderlə liderliyini davam etdirir.
Honkonq da daxil olmaqla Çin 610 nəfərlə ikinci yerdə və Hindistan (229) isə üçüncü yerdə qərarlaşıb.
"Forbes" jurnalının bu ilki reytinqində 80 ölkə və ərazidə 3428 milyarder qeydə alınıb. Lakin bütün milyarderlərin yarıdan çoxu və ya 51%-i bu üç ölkədə cəmləşib.
Planetdə ən çox əhalisi olan Hindistan, milyarderlərin sayına görə üçüncü yerdədir. Bu ilki siyahıya ümumilikdə 1 trilyon dollarlıq sərvəti olan 229 hindistanlı daxildir.
İlk beşliyi 212 milyarderlə Almaniya və 147 milyarderlə Rusiya tamamlayır.
Bu arada, Pakistan 2010-cu ildən bəri ilk dəfə olaraq milyarderlər siyahısına qayıdıb.
