Modern.az

Şuşa Forumu Türkiyə mediasının manşetində - FOTO

Şuşa Forumu Türkiyə mediasının manşetində - FOTO

Aktual

Bu gün, 15:17

İyulun 13-dən Şuşada keçirilən IV Qlobal Media Forumu Türkiyə mediasının da diqqət mərkəzində olub. Qardaş ölkənin aparıcı qəzetləri və xəbər platformaları forumu, Prezident İlham Əliyevin çıxışını, eləcə də Qarabağda aparılan bərpa-quruculuq işlərini geniş işıqlandırıblar.

Modern.az xəbər verir ki, Türkiyənin müxtəlif media qurumlarında çalışan jurnalistlər Şuşadan hazırladıqları reportaj və təəssürat yazılarında forumun təşkilini yüksək qiymətləndiriblər.

İğdırda nəşr olunan "Yeşil Iğdır" qəzetinin təsisçisi və baş redaktoru Cabbar Şıktaş öz məqaləsində IV Şuşa Qlobal Media Forumunu "yüksək peşəkarlıqla təşkil edilmiş beynəlxalq media platforması" kimi dəyərləndirib. O, xüsusilə Prezident İlham Əliyevin üç saata yaxın davam edən sual-cavab sessiyasına diqqət çəkərək, dövlət başçısının müxtəlif ölkələrdən olan jurnalistlərin suallarını heç bir qeyd aparmadan ətraflı cavablandırmasını forumun ən yaddaqalan məqamlarından biri adlandırıb.

Cabbar Şıktaş həmçinin Şuşaya dördüncü səfərini etdiyini vurğulayaraq, şəhərdə və ümumilikdə Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələrinin hər gəlişində onu heyrətləndirdiyini qeyd edib.

Nəşr Prezident İlham Əliyevin forumdakı çıxışını "Aliyev: 'Birlikdə daha güclüyük' mesajı verdi" başlığı ilə təqdim edib. Məqalədə dövlət başçısının beynəlxalq media nümayəndələrinin suallarını açıq şəkildə cavablandırması, Türkiyə-Azərbaycan münasibətləri, Zəngəzur dəhlizi, Rusiya-Ukrayna müharibəsi və regional proseslərlə bağlı səsləndirdiyi fikirlər geniş şəkildə oxuculara çatdırılıb. Nəşr həmçinin forumun dünyanın 53 ölkəsindən 160-a yaxın jurnalist və media təmsilçisini bir araya gətirməsini Azərbaycanın beynəlxalq media dialoqu üçün yaratdığı mühüm platforma kimi qiymətləndirib.

Türkiyənin Ərzurum şəhərində fəaliyyət göstərən "Pusula" qəzeti də Şuşa Forumunu geniş oxucu auditoriyasına təqdim edib. Nəşrin hazırladığı materialda forumun əsas müzakirə mövzuları, media diplomatiyasının əhəmiyyəti, dezinformasiya ilə mübarizə və beynəlxalq informasiya əməkdaşlığı məsələləri ön plana çıxarılıb.

Qəzet forum çərçivəsində Prezident İlham Əliyevin iştirak etdiyi sessiyanı da xüsusi vurğulayaraq, beynəlxalq media nümayəndələri ilə açıq dialoqun tədbirin ən diqqətçəkən hissələrindən biri olduğunu qeyd edib.

Türkiyə mediasında dərc olunan materiallarda Şuşanın beynəlxalq media dialoqu üçün mühüm platformaya çevrildiyi, Qarabağda aparılan yenidənqurma işlərinin xarici jurnalistlər tərəfindən yerində izlənilməsinin Azərbaycan haqqında obyektiv təsəvvürün formalaşmasına töhfə verdiyi də xüsusi vurğulanır.

Qeyd edək ki, "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İlham Əliyevin çıxışına Rusiyadan reaksiya - Kreml narazı qaldı