Slovakiya Prezidenti Peter Pelleqrinini daşıyan təyyarənin paytaxt Bakı əvəzinə birbaşa Füzuli Beynəlxalq Hava Limanına enməsi və dövlət başçılarının rəsmi danışıqlarının Şuşa və Xankəndidə baş tutması, diplomatik protokollardan kənar, tamamilə yeni bir geosiyasi reallığın anonsudur. Bu xüsusi marşrut Slovakiya nümayəndə heyətinin Bakıya artıq masa üzərində formalaşmış konkret razılaşma konturları ilə gəlməsini təmin edərək, Avropa İttifaqı daxilində ikitərəfli əməkdaşlıq formatına yeni nəfəs gətirdi.
Bu səfərin trayektoriyası Avropa İttifaqına üzv dövlətlərin rəsmi nümayəndələrinin ənənəvi xarici səfərlərindən köklü şəkildə fərqlənir. Rəsmi danışıqların məhz Şuşada – Azərbaycanın mədəniyyət paytaxtında keçirilməsi təkcə coğrafi deyil, həm də mühüm siyasi əhəmiyyət kəsb edir. Slovakiya liderinin bu addımı faktiki olaraq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağ bölgəsi üzərindəki tam suverenliyini qeyd-şərtsiz tanımasının bariz göstəricisidir. Bununla da Slovakiya, Avropa İttifaqı daxilində Şuşanı dövlət başçısı səviyyəsində rəsmi ziyarət edən ilk ölkə kimi tarixə düşdü.
Bu gedişat Brüsselin illərdir yürütdüyü “ikiüzlü” siyasətə qarşı rasional alternativdir. Bir tərəfdən Azərbaycanı "ümumavropa tədarükçüsü" adlandırıb Bakıda enerji sazişləri imzalayan, digər tərəfdən isə Avropa Parlamenti tribunasından əsassız tənqidlər səsləndirən Aİ rəsmilərindən fərqli olaraq, Bratislava diktəedici tondan uzaq, bərabərhüquqlu və birbaşa dialoqa üstünlük verdiyini nümayiş etdirdi.
Qeyd etmək lazımdır ki, Avropa strukturlarının ideoloji debatlarda boğulduğu bir vaxtda, Bratislava tamamilə milli maraqlara və praqmatizmə əsaslanan müstəqil xarici siyasət kursu nümayiş etdirir. Ukrayna üzərindən enerji tranzitində yaranan xroniki böhran şəraitində Slovakiya üçün Cənub Qaz Dəhlizi və Bakının nəhəng enerji potensialı alternativsiz təhlükəsizlik təminatına çevrilir.
Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasına milyardlarla vəsait yönəltməkdə davam etdiyi indiki mərhələdə Slovakiya şirkətlərinin bu irimiqyaslı layihələrə cəlb olunması üçün yaşıl işıq yandırılıb. Əməkdaşlığın əsas prioritetləri sırasına azad olunmuş ərazilərdə "ağıllı kənd" konsepsiyasının tətbiqi, infrastruktur planlaşdırılması və bərpa olunan enerji layihələri daxildir.
Bu tərəfdaşlıq təkcə ticari maraqlardan ibarət deyil, həm də iki xalq arasında yeni dostluq körpülərinin qurulması missiyasını daşıyır. İki ölkə arasında birbaşa aviareyslərin fəaliyyətə başlaması isə bu iqtisadi və humanitar körpünün daha da sürətlə inşasını təmin edəcək.
Slovakiyanın bu addımı rəsmi Bakının son illərdə uğurla həyata keçirdiyi müstəqil xarici siyasət strategiyasının növbəti təntənəsidir. Azərbaycan, Brüsselin vaxt qeyri-effektiv mərkəzləşdirilmiş idarəetmə mexanizmini gözləmədən, Şərqi Avropa ölkələri ilə birbaşa və səmərəli əlaqələr qurmağa müvəffəq olmuşdur.
Macarıstan, Serbiya və Bolqarıstanla qurulan genişmiqyaslı əməkdaşlıq zəncirinə, Çexiya ilə münasibətlərin dərinləşməsinə və nəhayət Slovakiyanın bu prosesə rəsmən qoşulmasına diqqət yetirdikdə aydın olur ki, Azərbaycan qazı artıq Avropa evlərini isitməklə yanaşı, siyasi müstəvidə də qarşılıqlı etimadı möhkəmləndirir. Brüssel isə real geosiyasi trendlərdən geri qalaraq, Bakı ilə dialoqu əsassız bəhanələrlə ləngitməyə çalışır və bununla da öz maraqlarına zərbə vurmuş olur. Slovakiyanın nümayiş etdirdiyi qətiyyət isə göstərir ki, real iqtisadi maraqlar siyasi konyunkturadan qat-qat güclüdür.