Xəzər dənizinin səviyyəsinin enməsi sahilboyu ərazilərdə yeni torpaq sahələrinin üzə çıxmasına səbəb olur. Bu proses isə yalnız ekoloji və coğrafi dəyişiklik deyil, həm də hüquqi suallar yaradır. Dənizin geri çəkilməsi nəticəsində üzə çıxan ərazilər kimin mülkiyyəti olacaq, onların idarə olunması hansı quruma həvalə ediləcək və gələcəkdə bu torpaqlardan istifadə üçün xüsusi mexanizm yaradılacaqmı? Məsələni hüquqi və ekoloji aspektləri maraq doğurur.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov Modern.az-a açıqlama verib:
Deputat bildirib ki, Xəzərin geri çəkilməsi yeni hüquqi yanaşma tələb edir:
"Xəzər dənizinin səviyyəsinin enməsi ilə üzə çıxan sahələrin hüquqi statusu torpaq və su qanunvericiliyinin tələbləri əsasında həll edilməlidir. Torpaq Məcəlləsinə əsasən, Xəzərin Azərbaycana mənsub hissəsinin su fondu torpaqları, eləcə də sahilboyu 20–50 metrlik zolaq dövlət mülkiyyətinə daxildir. Buna görə suyun geri çəkilməsi ərazilərin avtomatik olaraq xüsusi və ya bələdiyyə mülkiyyətinə keçməsi anlamına gəlmir. İnventarlaşdırma və hüquqi təsnifat başa çatanadək ərazilərin dövlət nəzarətində saxlanılması, qanunsuz zəbtin və plansız tikintinin qarşısının alınması vacibdir".
Onun sözlərinə görə, ilk növbədə yeni sahil xətti geodeziya ölçmələri ilə müəyyənləşdirilməli, üzə çıxan sahələr kadastr uçotuna alınmalıdır. Bundan başqa, torpağın duzluluğu, çirklənmə səviyyəsi, qruntun dayanıqlığı, biomüxtəlifliyə təsiri və yenidən su altında qalma ehtimalı elmi əsaslarla qiymətləndirilməlidir.
"Yalnız bundan sonra həmin torpaqların su fondunda saxlanılması, mühafizə zonasına daxil edilməsi və ya başqa məqsədlə istifadəsi barədə qərar qəbul oluna bilər. Kadastr və xəritələşdirmə Əmlak Məsələləri Dövlət Xidmətinin, ekoloji qiymətləndirmə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, şəhərsalma isə aidiyyəti dövlət və yerli icra qurumlarının iştirakı ilə aparılmalıdır"- deputat, söyləyib.
Rövşən Muradov qeyd edib ki, hazırda bu ərazilərin idarəsi üçün ayrıca qurum yaradılmasına dair rəsmi qərar açıqlanmayıb. Mövcud qurumların səlahiyyətləri prosesin idarə olunmasına imkan verir. Bununla yanaşı, Nazirlər Kabinetinin əlaqələndirməsi altında qurumlararası komissiyanın və vahid sahil idarəetmə planının hazırlanması daha məqsədəuyğun görünür. Qərarlarda ekoloji təhlükəsizlik, sahilə sərbəst çıxış, dövlət maraqları və gələcək nəsillərin hüquqları əsas götürülməlidir.
Hüquqşünas Əliməmməd Nuriyev məsələ ilə bağlı açıqlama verib:
“Əvvəla, Xəzərin çəkilməsi nəticəsində üzə çıxan ərazilərə sahibsiz torpaq kimi yanaşmaq olmaz. Ümumiyyətlə, sahibsiz torpaq anlayışı yoxdur. Dəniz geri çəkilib və dünənədək su altında olan ərazi quruya çevrilibsə, bu, həmin torpağın avtomatik olaraq kiminsə mülkiyyətinə keçməsi demək deyil.
Sahildə torpağı və ya obyekti olan şəxs də iddia edə bilməz ki, dəniz çəkilib və qarşısındakı yeni ərazi də artıq onun mülkiyyətidir. Bunun üçün hüquqi əsas yoxdur. Çünki həmin şəxsə konkret ərazi, koordinatlar və sahə müəyyən edilib. Bu ərazi onun istifadəsində, icarəsində və ya mülkiyyətində ola bilər, lakin bundan artıq sahəyə iddia etmək hüququ yoxdur".
O qeyd edib ki, bu məsələlər, ilk növbədə, Torpaq Məcəlləsi və Mülki Məcəllə ilə tənzimlənir.
"Torpaq Məcəlləsinin 32-ci maddəsi dövlət mülkiyyətində olan torpaqlara dair ümumi hüquqi rejimi, 46-cı maddəsi isə dövlət mülkiyyətində saxlanılan torpaqları müəyyən edir. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan hissəsinin altında yerləşən torpaqlar su fondu torpaqları kimi dövlət mülkiyyətinə aiddir. Xəzərin sahilboyu 20–50 metrlik zolağının altında olan torpaqlar da dövlət mülkiyyətindədir və onların özgəninkiləşdirilməsinə yol verilmir".
Əliməmməd Nuriyev Xəzərin səviyyəsinin enməsi ilə bağlı qanunvericilik qarşısında başqa bir sualın: "suyun təbii şəkildə çəkilməsi nəticəsində quruya çevrilmiş ərazilərin sonrakı hüquqi statusu necə müəyyən edilməlidir?", - yarandığını qeyd edib.
"Qanunvericilik sahil xəttinin dəyişməsini müəyyən mənada nəzərə alıb. Torpaq Məcəlləsinin 46-cı maddəsində sahilboyu zolağın qrafik təsvirində su səthinin quru ilə təmas xəttinin təbii təsirlər nəticəsində dəyişən vəziyyətinin nəzərə alınması tələb olunur. Deməli, qanunun özündə sahil xətti dəyişməz anlayış kimi qəbul edilmir. Lakin dənizin uzunmüddətli çəkilməsi nəticəsində üzə çıxan yeni quru ərazilərin sonrakı hüquqi rejimi ayrıca və bütün detalları ilə tənzimlənməyib. Məncə, burada tələsmək olmaz. İlk addım həmin əraziləri tikinti, icarə və ya kommersiya istifadəsinə vermək deyil. Əvvəlcə ərazilər inventarlaşdırılmalı, sərhədlər və koordinatlar müəyyən edilməli, sahil xəttində baş vermiş dəyişiklik rəsmiləşdirilməli və müvafiq məlumatlar Dövlət Torpaq Kadastrında öz əksini tapmalıdır".
Ekspert yalnız həmin torpağın hansı kateqoriyaya aid ediləcəyi, ekoloji vəziyyəti, şəhərsalma baxımından istifadəsinin mümkünlüyü, rekreasiya, nəqliyyat və digər məqsədlər üçün yararlılığı qiymətləndirildikdən sonra onun statusuna baxıla biləcəyini deyib.
"Hazırda məhz bu kateqoriyaya aid bütün torpaqları vahid şəkildə idarə etmək üçün ayrıca dövlət qurumu nəzərdə tutulmayıb. Mövcud sistemdə torpaq, kadastr, şəhərsalma, ekologiya və digər məsələlər üzrə səlahiyyətlər müxtəlif dövlət orqanları arasında bölüşdürülüb. Burada süni torpaq sahələri üzrə yaradılmış model də maraqlı müqayisə imkanı verir. Süni torpaq sahələrinin yaradılması ilə bağlı qanunvericiliyə əsasən, bu sahədə səlahiyyətlər Nazirlər Kabineti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Fövqəladə Hallar Nazirliyi və digər dövlət qurumları arasında bölüşdürülüb.
Yəni qanunvericilik süni torpaq sahələri üçün ayrıca yeni dövlət qurumunun yaradılması yolunu deyil, mövcud dövlət orqanlarının səlahiyyətlərinin dəqiq müəyyənləşdirilməsi modelini seçib.
Ona görə də mən Xəzərin çəkilməsi nəticəsində üzə çıxan torpaqlar üçün ayrıca qurum yaradılmasını hazırda əsas məsələ hesab etmirəm. Yeni qurum yaratmaq problemin hüquqi həlli demək deyil. Əvvəlcə hüquqi rejim müəyyən edilməlidir: bu torpaqlar hansı kateqoriyaya aid ediləcək, hansı hissələri təsərrüfat dövriyyəsinə buraxıla bilər, hansı ərazilər ekoloji və rekreasiya məqsədləri üçün qorunmalıdır, yeni sahilboyu zolaqlar haradan hesablanmalıdır, harada tikintiyə yol verilə bilər, harada isə buna ümumiyyətlə imkan verilməməlidir?".
O hazırda ən ciddi məsələnin prosesin nəzarətsiz buraxılmaması olduğunu qeyd edib.
"Nəzarətsiz vəziyyət çox ciddi fəsadlara gətirib çıxara bilər. Artıq ayrı-ayrı şəxslərin həmin sahələri zəbt etməyə cəhd göstərdiyini müşahidə edirik. Düzdür, bu, hələ geniş miqyasda yayılmayıb. Çünki insanlar özləri də başa düşürlər ki, Xəzər geri çəkilirsə, bir gün yenidən əvvəlki səviyyəsinə qayıda bilər. Buna görə də burada müəyyən risklər var. Lakin hüquqi rejimin müəyyənləşdirilməsi gecikərsə, dənizin çəkildiyi ərazilərin kortəbii şəkildə zəbt edilməsi, qanunsuz tikililərin inşası və sonradan həmin torpaqlar üzərində müxtəlif hüquqlar əldə etmək cəhdləri ortaya çıxa bilər. Bu isə gələcəkdə kifayət qədər mürəkkəb torpaq və mülkiyyət mübahisələri yarada bilər".
Əliməmməd Nuriyevin hazırkı qanunvericilikdə dənizin təbii çəkilməsi nəticəsində üzə çıxan torpaq sahəsi ayrıca hüquqi anlayış kimi müəyyən edilmədiyini vurğulayıb.
"Halbuki qanunvericilik 2024-cü ildə süni torpaq sahəsi anlayışını ayrıca müəyyən edib və onun yaradılmasından Dövlət Torpaq Kadastrına daxil edilməsinə qədər xüsusi hüquqi mexanizm yaradıb. Məncə, Xəzərin səviyyəsinin enməsi uzunmüddətli xarakter alarsa, təbii şəkildə üzə çıxan torpaqlar üçün də oxşar hüquqi müəyyənliyin yaradılması məsələsi müzakirəyə çıxarılmalıdır. Bunun üçün Torpaq və Su məcəllələrinə müvafiq dəyişikliklərin edilməsi variantına baxmaq olar. Hesab edirəm ki, hazırda bununla bağlı ciddi işçi qrup yaradılmalı, məsələ diqqətlə öyrənilməli, beynəlxalq təcrübə araşdırılmalı və müvafiq qanun layihəsi hazırlanmalıdır. Burada prinsip sadə olmalıdır: dəniz çəkilibsə, torpaq sahibsiz qalmayıb. Dövlət əvvəlcə onun hüquqi statusunu müəyyən etməli, sərhədlərini rəsmiləşdirməli və hansı məqsədlər üçün istifadə oluna biləcəyinə qərar verməlidir. Yalnız bundan sonra həmin ərazilərin icarəsi, tikintisi və ya başqa formada istifadəsi barədə danışmaq olar”, - o bildirib.
Nicat Rüstəm