Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkərana mediatur təşkil olunub.
Modern.az xəbər verir ki, mediaturun məqsədi Lənkəranın turizm potensialını, təbii və mədəni irsini, yerli turizm məhsullarını və qonaqpərvərlik ənənələrini nümayiş etdirmək, bölgənin turizm məkanlarını geniş auditoriyaya tanıtmaq və turist səfərlərini təşviq etmək olub.
Səfər çərçivəsində media nümayəndələri Mir Əhməd xanın tarixi evində fəaliyyət göstərən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Burada şəhərin tarixi və mədəni irsi barədə məlumat verilib.
Daha sonra Hirkan Milli Parkı və Xanbulan gölü ziyarət olunub, Lənkəranın təbii turizm imkanları təqdim edilib.
Mediatur iştirakçılarına həmçinin çayçılıq və çay istehsalı prosesi nümayiş etdirilib. Arıçılıq Muzeyində isə apiterapiyanın tətbiqi imkanları barədə məlumat verilib.
Səfər zamanı media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Səbinə Həsənova