Modern.az

Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib

Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib

Aktual

Bu gün, 14:44

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın revanşist dairələrində reaksiyası qəbuledilməzdir və təəssüf doğurur. Ermənistan cəmiyyətində və mediasında səsləndirilən aqressiv fikirlər, diplomatların səfərinə qarşı aparılan kampaniya, əslində, rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyü və regionda formalaşmış yeni reallıqlara münasibətilə bağlı ciddi suallar doğurur.

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın sosial-iqtisadi həyatına yenidən inteqrasiya olunur, regionun iqtisadi potensialı hərəkətə gətirilir, sahibkarlıq və investisiya imkanları genişləndirilir. Müasir yaşayış məntəqələrinin salınması, şəhərlərin inkişafı, kənd təsərrüfatı, turizm və digər iqtisadi istiqamətlərin bərpası göstərir ki, Azərbaycan azad edilmiş ərazilərində yalnız keçmişi bərpa etmir, gələcəyin müasir və dayanıqlı regionunu formalaşdırır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bu quruculuq Azərbaycanın sülh siyasətinin də mühüm göstəricisidir. Ermənistan cəmiyyətinin müəyyən dairələrinin Gəncəsər və Xudavəng kimi tarixi abidələri yalnız erməni irsi çərçivəsində təqdim etməyə çalışması, eyni zamanda, indiki Ermənistan ərazisində Azərbaycan xalqının çoxəsrlik tarixi-mədəni irsinin mövcudluğunu inkar etməsi ciddi ziddiyyət təşkil edir. Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.

Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. Ermənistanın, ümumiyyətlə Qafqaz Albaniyası irsinə belə reaksiyası irqçilik kimi qiymətləndirilə bilər. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur. Ermənistan cəmiyyətində Qafqaz Albaniyasının və onun mədəni irsinin inkarı, faktiki irqçilikdir. Ermənistan həqiqətə dözümsüzdür. Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən bütün məsuliyyəti ilə qorunur.

Ermənistan cəmiyyətində Qarabağla bağlı səslənən bəzi radikal fikirlər həm də revanşist düşüncələrin tamamilə aradan qalxmadığını göstərir. Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdiyi bir vaxtda Ermənistan cəmiyyətində revanşist fikirlərin yenidən gündəmə gətirilməsi ciddi narahatlıq doğurur.

Ermənistanın siyasi və ictimai dairələri anlamalıdır ki, davamlı sülh Cənubi Qafqazda yaranmış yeni reallıqların qəbul edilməsi əsasında mümkündür. 

Əhliman Əmiraslanov

Qərb Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri,

akademik

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland