Yeni Azərbaycan Partiyasının (YAP) keçiriləcək VIII qurultayında partiyanın rəhbər strukturlarının say tərkibinə yenidən baxılması gözlənilir.
Modern.az-ın əldə etdiyi məlumata görə, nəzərdə tutulan dəyişikliklər arasında İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin sayının azaldılması da var.
YAP-ın qüvvədə olan Nizamnaməsinə əsasən, İdarə Heyətinin, Təftiş Komissiyasının və Veteranlar Şurasının say tərkibini müəyyənləşdirmək qurultayın səlahiyyətindədir.
Qarşıdakı qurultay ərəfəsində partiyanın əvvəlki qurultaylarında qəbul edilmiş təşkilati qərarlara nəzər salaq:
YAP 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən təsis konfransında yaradılıb və Heydər Əliyev partiyanın sədri seçilib. Partiya həmin il dekabrın 18-də dövlət qeydiyyatına alınıb.
I qurultay: rəhbər orqanlar formalaşdırıldı
1999-cu ilin dekabrında keçirilən I qurultayda Heydər Əliyev yenidən partiyanın sədri seçilib. Siyasi Şuranın yeni tərkibi, sədr müavinləri, İdarə Heyətinin üzvləri, icra katibi və onun müavinləri seçilib. Partiyanın təsis konfransında qəbul olunmuş Proqram və Nizamnaməsi dəyişikliklərlə təsdiqlənib.
II qurultay: birinci müavin vəzifəsi yaradıldı
21 noyabr 2001-ci ildə keçirilən II qurultayda Nizamnaməyə dəyişiklik edilərək partiya sədrinin birinci müavini vəzifəsi təsis olunub və İlham Əliyev bu vəzifəyə seçilib. Həmin qurultayda 108 nəfərlik Siyasi Şura və onun üzvləri arasından 26 nəfərlik İdarə Heyəti formalaşdırılıb.
III qurultay: İlham Əliyev sədr seçildi
26 mart 2005-ci ildə keçirilən III qurultayda İlham Əliyev YAP-ın sədri seçilib. Qurultayda partiyanın Nizamnaməsinə də əlavə və dəyişikliklər edilib.
IV, V və VI qurultaylar: prezidentliyə namizəd irəli sürüldü
2008, 2013 və 2018-ci illərdə keçirilən qurultaylarda İlham Əliyevin müvafiq prezident seçkilərində YAP-ın namizədi kimi irəli sürülməsi qərara alınıb. V qurultayda o, yenidən partiyanın sədri seçilib.
VII qurultay: struktur yenidən quruldu
5 mart 2021-ci ildə keçirilən VII qurultayda partiyanın yeni Nizamnaməsi qəbul olunub. Qurultayda 40 nəfərlik İdarə Heyəti və 13 nəfərlik Təftiş Komissiyası seçilib, yeni yaradılan Veteranlar Şurasının 35 nəfərlik tərkibi formalaşdırılıb.
Qüvvədə olan Nizamnamədə Qurultay, partiyanın sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları kimi göstərilir. Əvvəlki Siyasi Şura bu siyahıda yer almır. Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparat və yerli təşkilatlar isə partiyanın strukturuna daxil edilib.
VII qurultayda altı siyasi partiyanın YAP-a qoşulmaq müraciətləri də qəbul olunub. Qurultaydan sonra sədrin müavinləri təyin edilib, Gənclər Birliyinin tərkibi və yerli təşkilatlarla bağlı qərarlar verilib.
VIII qurultayda İdarə Heyəti və Təftiş Komissiyasının say tərkibi azaldılarsa, bu, 2021-ci ildə formalaşdırılmış rəhbər strukturlarında növbəti dəyişiklik olacaq. Yeni tərkiblərin neçə nəfərdən ibarət olacağı qurultayın qərarından sonra məlum olacaq.