Modern.az

AzInTelecom “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

AzInTelecom “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Aktual

Bu gün, 14:45

Şirkət beynəlxalq əməkdaşlıqlarını genişləndirərək Azərbaycanın regional rəqəmsal hub kimi mövqeyinin gücləndirilməsinə töhfə verir.

“AzInTelecom” MMC Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən beynəlxalq “ICTWEEK Uzbekistan 2026” tədbirində bulud, biometrik identifikasiya və süni intellekt istiqamətində həll və imkanlarını təqdim edib. Şirkətin tədbirdə iştirakı rəqəmsal məhsul və xidmətlərin regional bazarda tanıdılması, yeni tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olub.

Müasir rəqəmsal infrastrukturun inkişafı, yüksək hesablama imkanlarının yaradılması və qabaqcıl texnologiyaların tətbiqi “AzInTelecom”un Azərbaycanın regional rəqəmsal hub kimi mövqeyinin gücləndirilməsinə yönəlmiş fəaliyyətinin əsas istiqamətləri sırasındadır. Şirkət bu istiqamətdə data mərkəzləri və bulud infrastrukturu ilə yanaşı, süni intellekt və yüksək performanslı hesablama imkanlarını da inkişaf etdirir.

“AzInTelecom” MMC-nin Baş direktorunun müşaviri Fərid İsmayılzadə tədbir çərçivəsində keçirilən panel müzakirəsində “Süni intellektin bulud infrastrukturuna və kibertəhlükəsizliyə təsiri” mövzusunda çıxış edib. O, süni intellekt texnologiyalarının müasir rəqəmsal infrastruktura təsirindən, həmçinin “AzInTelecom”un bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb.

Çıxış zamanı Azərbaycanda yaradılmış ilk Superkompüter Mərkəzinin ölkənin süni intellekt və rəqəmsal inkişafı baxımından əhəmiyyəti xüsusi qeyd olunub. Mərkəz böyük hesablama gücü tələb edən süni intellekt və digər texnoloji layihələrin ölkə daxilində həyata keçirilməsi üçün zəruri infrastruktur yaradır, yerli şirkətlərə, dövlət qurumlarına və innovasiya subyektlərinə qabaqcıl hesablama resurslarından istifadə imkanı verir. Bununla da Azərbaycan yalnız rəqəmsal texnologiyaların istifadəçisi deyil, süni intellekt həllərinin yaradılması və inkişafı üçün zəruri texnoloji infrastruktura malik ölkə kimi öz imkanlarını genişləndirir.

Mərkəzdə süni intellekt modellərinin hazırlanması, böyük həcmli məlumatların sürətli emalı və mürəkkəb hesablamaların aparılması üçün “NVIDIA H200 GPU” çiplərindən istifadə olunur. Hazırda Mərkəzin hesablama gücünün və imkanlarının daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu infrastruktur Azərbaycanın regionda süni intellekt və yüksək hesablama xidmətləri üzrə texnoloji mərkəz kimi mövqeyinin gücləndirilməsi üçün də yeni imkanlar yaradır.

F. İsmayılzadə öz çıxışında həmçinin “AzInTelecom”un biometrik həllərində təhlükəsizliyin gücləndirilməsi məqsədilə müasir süni intellekt texnologiyalarından istifadə etdiyini bildirilib.

Tədbir çərçivəsində “AzInTelecom”un nümayəndə heyəti şirkətin stendində bulud və biometrik həllərini, eləcə də digər rəqəmsal məhsul və xidmətlərini beynəlxalq auditoriyaya təqdim edib. Xarici texnologiya şirkətlərinin nümayəndələri ilə keçirilən ikitərəfli görüşlərdə potensial əməkdaşlıq imkanları və həllərin regional bazarlarda tətbiqi perspektivləri müzakirə olunub.

“AzInTelecom”un beynəlxalq texnologiya platformalarında iştirakı şirkətin rəqəmsal həllərinin xarici bazarlarda tanıdılması ilə yanaşı, Azərbaycanın regionda məlumatların saxlanması və emalı, bulud xidmətləri və yüksək hesablama imkanları üzrə texnoloji mərkəz kimi mövqeyinin gücləndirilməsinə xidmət edir.

2004-cü ildən etibarən hər il təşkil olunan “ICTWEEK Uzbekistan” informasiya-kommunikasiya texnologiyaları sahəsində şirkətləri, dövlət qurumlarını və ekspertləri bir araya gətirən regional platformalardan biridir. Tədbir çərçivəsində süni intellekt, rəqəmsal transformasiya və digər aktual texnologiya mövzularında forumlar, panel sessiyaları və ekspert müzakirələri keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?